Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tramp Baydenin övladlarını dövlət mühafizəsindən məhrum etdi
ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin övladlarına münasibətdə hökumət himayəsini ləğv edib.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısı "Truth Social" nəşrində yazıb.
"Bu gündən etibarən Hanter Bayden artıq Məxfi Xidmət tərəfindən qorunmayacaq. 13 xəfiiyyə tərəfindən qorunan Eşli Bayden də siyahıdan çıxarılacaq", - deyə Tramp yazıb.
Prezidentin sözlərinə görə, Hanter 18 əməkdaş tərəfindən qorunub.
ABŞ-nin Məxfi Xidməti ölkənin Daxili İşlər Departamentinin tərkibində federal qurumdur. Xidmət ABŞ prezidentinin və vitse-prezidentinin, onların ailə üzvlərinin, habelə yaşayış yerlərinin təhlükəsizliyini qorumaq və təmin etmək funksiyasını daşıyır.
Məxfi Xidmət prezidentin ailəsinin yetkin üzvlərini mühafizə edir, ancaq dövlət başçısı vəzifəsini tərk etdikdən sonra müdafiə prosesi dayandırılır. Yalnız keçmiş liderlər və onların həyat yoldaşları ömürlük müdafiə olunurlar.
Bununla belə, yanvar ayında vəzifəsini tərk etməzdən əvvəl Bayden yetkin övladları üçün Məxfi Xidmətin mühafizəsinin iyul ayına qədər uzadılması ilə bağlı sərəncam imzalayıb. Qeyd olunur ki, Tramp birinci müddətindən sonra istefa verməzdən qısa müddət əvvəl yetkin övladlarının - kiçik Donald, İvanka, Erik, Tiffaninin və onların iki həyat yoldaşının müdafiəsini altı ay müddətinə uzadıb.
Bayden, həmçinin istefa verməzdən əvvəl qanunsuz silah saxlamaqda və vergi qanunlarını pozmaqda ittiham olunan oğlunu da əfv edib.