Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı peşəkarlar arasında kikboksinq üzrə 4 qat dünya çempionu Pərviz Abdullayevdir.
- Kunq Fu ilə başlayıb kikboksinqlə davam edirsən. İdmana gəlişin necə oldu?
- Mən 1986-cı ildə Ağdamda anadan olmuşam. Ailəm 4 nəfərdən ibarətdir. Atam aşpaz, anam evdar xanımdır. Qardaşım isə idmançıdı, o da mənim kimi kikboksinqlə məşğul olurdu, dünya çempionudu. Uşaqlığım Ağdamda keçib. Uşaqlıqdan idmana həvəsim vardı, amma davakar uşaq olmamışam, sakit uşaq olmuşam. İdmana gəlməyim isə 1997-ci ildə 12 yaşımda oldu. Birinci idmana kunq fu ilə başlamışam. Sonra yarışlara hazırlaşırdım. 1999-cu ildə ilk yarışıma çıxdım və çempion oldum. Həmin vaxt hələ 14 yaşım vardı. Sonra 2003-cü ildən 2005-ci ilədək kikboksinqlə məşğul oldum, ancaq 2005-ci ildə idmandan uzaqlaşdım, ayrıldım. Buna səbəb isə çətinlik idi, çox əziyyət çəkirdim. Daha sonra əmim oğlu Faiq mənim yenidən idmana qayıtmağıma səbəb oldu. Mənə dəstək oldu və mən yenidən idmana geri döndüm. Uşu sandaya qayıtdım. Beləcə məşqlərimə başladım, vaxtlı-vaxtında məşqlərimi etdim. 2006-cı ildə kikboksinq üzrə Azərbaycan kuboku üzrə 2-ci yerə çıxdım.
1 il sonra isə oktyabr ayında Ukraynanın Yalta şəhərində Klublar arası dünya çempionatında 4 döyüş keçirdim və finalçı oldum. 2007-ci ildə Uşu sanda üzrə Respublika çempionatında çempion olmuşam. Həm kikboksinqlə, həm də uşu sandayla bərabər məşğul olurdum.
- Hərə özünə bir ad ya ləqəb qoyur. Sənə niyə “kobra Pərviz” deyirlər?
- Deməli, “D8” layihəsi vardı. Azər Həsənsoyun və Vaqif Mustafayevin layihəsi idi. ANS telekanalında efirə gedirdi. O layihə başlamamışdan əvvəl seçimlər oldu və döyüşmək üçün 8 nəfər seçildi. Daha sonrakı seçimlər isə sms-lə oldu. O yarışdan əvvəl bizə dedilər ki, iştirak edəcək idmançılar özünə ləqəb seçsin. “Kobra” adlı, çox sevdiyim bir film vardı. Silvester Stallonenun filmidi. Ona görə də “kobra” ləqəbini seçdim, çıxdım və elə o vaxtdan kobrayam (gülür).
- Yetəri qədər güclü idmançılarımız var. Güclülərin arasında sənin də adın çəkilir həmişə. Amma çoxları soruşur ki, Pərviz kimdi? Və yaxud hansı Pərviz?
- Titullarım yetəri qədər var. Ağır döyüşlərim də olub zəif də. İdmançı deyiləm, amma düzdü çoxu elə soruşurdu. O da əvvəllər daha çox olurdu, indi yavaş-yavaş tanınırıq. Ümumiyyətlə, bir idmançı üçün tanınmaq lazımdı. Təbii ki, bu da televiziya və medianın üzərinə düşür. Reklama hər zaman ehtiyac var. Artıq döyüşdən gələndən sonra bir çox TV-lər məni qonaq çağırıb. İdmançının reklamı güclü olmalıdır.
- Türkiyədə çətin və maraqlı döyüşün olmuşdu. Qalib gəlmək çətin olmadı ki?
- Bəli, Türkiyənin Ankara şəhərində böyük, peşəkar döyüşüm olmuşdu. Döyüş Türkiyənin Avropa və dünya çempionu Mehmet Aygünlə oldu. Demək olar ki, çətin keçdi. Çünki yaxşı və güclü idmançı idi. Amma qalib gəldim və bu döyüşlər canlı olaraq Fox TV-də efirə verilirdi.
- Həm tarixçi, həm də belə güclü idmançı olasan? Tarix və idman. Hansı daha yaxındı sənə?
- 2003-2007-ci illərdə BDU-nun tarix fakültəsində təhsil almışam. Həddindən artıq oxuyurdum, çalışırdım universitetə qəbul olum. Düzdü, mən hüquq fakültəsini istəyirdim, amma tarixə düşdüm.
Universitetdə fərqlənirdim həmişə. Amma texniki fənləri sevmirdim.
- Keçirdiyin döyüşlərin sayını bilirsən?
- Çoxdu. İstər peşəkarlar olsun, istər həvəskarlar. 2009-cu ildə Avstraliyanın Villax şəhərində həvəskarlar arasında WAKO döyüşündə dünya çempionu olmuşam. Bu kikboksinqin ən ağır versiyasıdı. 2010-cu ildə Macarıstanda Jeqet şəhərində döyüşdə olmuşam. Daha sonra 2010-cu ilin avqust-sentyabr ayında Çinin Pekin şəhərində “Combat Accord Latın Games” oyunlarında çempion oldum. Həmin il yenə də kikboksinq üzrə keçirilən WAKO döyüşlərində Avropa çempionatında final yarışında dünya kəmərinin sahibi oldum. WAKO PRO dünya kəməri uğrunda rus idmançısı Vladimir Şulyaka qalib gələrək peşəkarlar arasından dünya çempionu oldum.
- Yarışlarının birində hansısa hadisə olub?
- Bəli. 2011-ci il idi. WAKO PRO dünya kəməri uğrunda döyüş gedirdi və mən qalib gəldim. İkinci dəfə peşəkarlar arasında dünya çempionu oldum. Deməli, həmin döyüşdə mətbuat konfransı zamanı Vitali Sarokovla sözləşdik. Məndən müsahibə götürürdülər, sual verirdilər. Mən söylədim ki, inanıram ki, qalib gələcəm, güclü döyüşçü olduğuma inanıram. O mənim bu sözümdən əsəbiləşdi və sözləşdik. “Baxarıq rinqdə” - dedi. Daha sonra dava düşdü, bizi ayırdılar. Təbii ki, qalib gəldim həmin idmançıya. Sonra 2013-cü ildə Vitali Sarokov məni revanşa, “R1” kəməri uğrunda döyüşməyə çağırdı. Bu döyüşə 2 ay Hollandiyada hazırlaşdım. Bu döyüşdə də qalib gəldim. Geyinmə otağındaydım, bir də gördüm ki, Vitali - həmin bu idmançı mənə yaxınlaşdı və dedi ki, sən böyük idmançısan. Kəməri belimə Roy Cons taxdı.
- Yanvarın 18-də 35-ci peşəkar döyüşün oldu. Məğlubiyyətin çoxdu, ya qalibiyyətin?
- Yanvarın 18-də Çinin Xianq Yanq şəhərində kikboksinq üzrə “Shulen Fenq” böyük peşəkar yarışı keçirildi və bu mənim 35-ci döyüşüm idi.
Çinli idmançı Li Zikai ilə görüşdüm və döyüşü tam üstünlüklə, qələbə ilə başa vurdum.
Yarışdan öncə Hollandiyaya yola düşdük. Orada “Super PRO” klubunda məşqçi Pramotr Denis Krauvelin nəzarəti ilə yarışa hazırlıq məşqi keçdik.
Bu döyüşə isə "12 may Cobra" kikboks klubunun dəstəyi ilə getmişdim.
"12 May-Cobra" kikboksinq klubunun idmançısıyam. Son vaxtlar iştirak etdiyim bütün yarışlarda 12 May Şirkətinin prezidenti Hacı Səbuhi Rəcəb mənə maddi dəstək olur. Eləcə də klubumuzu maliyyələşdirir. Buna görə Hacı Səbuhi Rəcəbə və 12 May şirkətinə dərin təşəkkürümü bildirirəm.
Belə, 35 peşəkar döyüş keçirmişəm. 33 qələbəm , 2 məğlubiyyətim və 7 nakautum var.
- Hal-hazırda Füzuli Musayevlə məşq keçirsən. Hansı döyüşlərə hazırlaşırsan?
- Bəli, Füzuli müəllim mənə həmişə dəstəkdi və mənim xüsusi müəllimimdi. Məni özəl olaraq hazırlaşdırır. Qarşıda döyüşlərim olacaq, məsuliyyətlə hazırlaşıram.
- Oyundan kənar ən çox nələr edirsən?
- Film izləməyi sevirəm, o da döyüş filmlərini. Ailəmlə vaxt keçirirəm. Oğlumla vaxt keçirməyi çox sevirəm, o mənim istirahətimdir.
Nərmin Kazımova
Foto: Ratmir Şərifov
www.oxu.az
Rəylər