Naxçıvan Muxtar Respublikasındakı rezidentlərin 10 il müddətinə əksər vergilərdən azad edilməsi nəzərdə tutulur. Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, muxtar respublikada rezidentlər 2026-cı il yanvarın 1-dən 2036-cı ilədək mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, həmin ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri vergidən azad ediləcək.
Vergi güzəştlərinin tətbiqinin Naxçıvanın sosial-iqtisadi inkişafına necə təsir göstərəcəyi Oxu.Az-a şərh edən iqtisadçı Kamran Hacıyev hesab edir ki, bu qərar Naxçıvanı Azərbaycanın ilk tam "TaxFree zona"sına çevirir və sahibkarlıq üçün misilsiz imkanlar yaradır:

2026-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasında rezidentlər üçün bütün əsas vergilərin - mənfəət, gəlir, torpaq, əmlak və sadələşdirilmiş vergilərin, həmçinin gömrük rüsumlarının 10 il müddətinə ləğv edilməsi regionun iqtisadi inkişafında yeni mərhələ açır. Bu təşəbbüsün ən böyük üstünlüyü sahibkarlığın stimullaşdırılması və investisiya risklərinin minimuma endirilməsidir. Vergi yükünün aradan qalxması:
- Biznes üçün xərcləri azaldır, mənfəəti artırır və yeni istehsal müəssisələrinin yaranmasına şərait yaradır;
- Xarici investorlar üçün regionu daha cəlbedici iqtisadi mərkəzə çevirir;
- Mövcud müəssisələrə yenidən investisiya (reinvestisiya) imkanı verir;
- Qısa müddətdə məşğulluğun artmasına, istehsal və ixracın genişlənməsinə gətirib çıxaracaq.
Proqnozlara görə, bu qərarın nəticəsində ilk illərdə Naxçıvanda yeni sahibkarlıq subyektlərinin sayında 20-25% artım, ÜDM-də isə 5-7% yüksəliş gözlənilə bilər".
Kamran Hacıyev hesab edir ki, muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı üçün təkcə vergi güzəştləri kifayət deyil, əlavə bir-sıra tədbirlər də görülməlidir:
"Naxçıvanın qapalı coğrafiyası səbəbindən yeni yük terminalları, anbar kompleksləri və logistika parkları inşa edilməli, həm Zəngəzur dəhlizi, həm də Türkiyə və İran üzərindən ticarət marşrutları gücləndirilməlidir. Bu, məhsulların bazara çıxışını asanlaşdıracaq və ixrac xərclərini azaldacaq.
"AliExpress" və "Temu" kimi şirkətlər məhsulları Çindən Avropaya və Yaxın Şərqə göndərmək üçün regional "fulfillment center"lər (yəni anbar + çeşidləmə + göndəriş mərkəzləri) yaradır.
Naxçıvanın "TaxFree zona" statusu belə mərkəzlər üçün vergisiz və gömrüksüz fəaliyyət imkanı yaradır.
Yəni bu şirkətlər burada:
- Malları saxlayır, çeşidləyir, qablaşdırır və
- Regiondakı müştərilərə (Azərbaycan, Gürcüstan, Türkiyə, İran, Mərkəzi Asiya) birbaşa göndərir.
Belə anbarların Naxçıvanda tikilməsi həm iqtisadi, həm də strateji baxımdan çox müsbət ola bilər. Birincisi, bu, bölgəyə birbaşa xarici investisiya axını gətirər və müasir logistika infrastrukturunun formalaşmasına təkan verər. İkincisi, minlərlə yeni iş yerinin yaranmasına, yerli xidmət sektorunun (nəqliyyat, kuryer, təchizat, IT və s.) inkişafına səbəb olar. Üçüncüsü isə Naxçıvanı regionun elektron ticarət və distribusiya mərkəzinə çevirər, yəni bu ərazi təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz və Orta Asiya üçün e-commerce qapısı rolunu oynaya bilər.
Həmçinin, dövlət tərəfindən aşağı faizli zəmanətli kreditlər və innovativ, aqrar layihələr üçün qrant proqramları yaradılmalıdır. Bu, xüsusilə kiçik və orta biznesin kapital çatışmazlığı problemini həll edəcək.
Regionda ali təhsil müəssisələrinin filialları və peşə tədris mərkəzləri açılmalıdır. İqtisadiyyat, mühəndislik və logistika ixtisasları üzrə yerli kadr potensialı formalaşdıra bilər".
İqtisadçı Naxçıvanda iqlimin bərpa olunan enerji və "yaşıl iqtisadiyyat" layihələri üçün çox əlverişli olduğu qənaətindədir:
Bölgədə günəş və külək enerjisi potensialı çox yüksəkdir.
Dövlət bu sahədə xüsusi investisiya layihələri və yaşıl enerji parkları qura bilər.
Bu həm enerji müstəqilliyi, həm də sənaye üçün ucuz enerji deməkdir.
Bunların nəticəsində bölgədə enerji xərcləri azalır, istehsal rəqabət qabiliyyətini artırır.
Kamran Hacıyev hesab edir ki, kənd təsərrüfatında "ağıllı fermer" modeli tətbiq olunsa, məhsuldarlıq 30-40 faiz artar:
- Suvarma, gübrələmə və məhsuldarlıq sistemləri rəqəmsallaşdırılmalıdır (məsələn, "Smart Agriculture" tətbiqləri).
- Fermerlərə dron, sensor və peyk məlumatları əsasında məsləhət xidməti verilməlidir.
Aqil Vəlili