Oktyabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Xəzəryanı ölkələrin rəssamlarının sərgisi açılıb.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, ,sərgi paytaxtımızda keçirilən Xəzər Biennalesi konfransı çərçivəsində təşkil edilib.
Sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov Xəzər Biennalesi konfransı haqqında məlumat verib.
Bildirilib ki, Xəzər Biennalesi ilk dəfə Bakıda sovet dövründə keçirilib.
Diqqətə çatdırılıb ki, Xəzər regionu çox gözəl və maraqlı bir bölgədir. Burada həm Şərq, həm də Qərb mədəniyyətlərinə rast gəlmək mümkündür. Bakı məhz belə mədəniyyətlərin öz əksini tapdığı bir şəhəridir. Həmçinin Xəzər ətrafında yerləşən ölkələrin, o cümlədən Rusiyanın, İranın, Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın incəsənətinə dünyada böyük maraq var. Ümumiyyətlə, Xəzər regionunda maraqlı ölkələr birləşib.
Tədbirin məqsədi təkcə rəssamları bir yerə toplamaq deyil, həm də dünya incəsənətində gedən böyük proseslərdə rəssamın yerini müəyyən etməkdir.
Qeyd edilib ki, Xəzər Biennalesi konfransında İngiltərə və Almaniyadan da qonaqlar da iştirak edirlər. Müzakirələr oktyabrın 9-dək davam edəcək.
Sonra mərasim iştirakçıları sərgiyə baxıb.
Sərgidə 5 Xəzəryanı ölkənin - Rusiya, İran, Azərbaycan, Qazaxıstan, Türkmənistanın rəssamlarının əsərləri nümayiş olunur.