Oxu.Az-ın suallarına Xəzər Əməkdaşlığı İnstitutunun baş direktoru Sergey Mixeyev cavab verir.
- Rusiya Suriyada terrorçularla mübarizə çərçivəsində aviasiya zərbələri ilə kifayətlənmədi, raket hücumu üçün Xəzər dənizinin İran sahillərində yerləşən donanmadan istifadə edildi, bu isə dünyada böyük ajiotaja səbəb oldu. Sizcə bu nə ilə əlaqədardır?
- Birincisi, Suriya məsələsində Rusiya və İran birbaşa əməkdaşlığa keçiblər. Bağdadda koordinasiya mərkəzi yaradılıb, onun işində Rusiya, İran, İraq və Suriya iştirak edir. Bu məhz raketlərin hava məkanından uçduğu ölkələrdir. İkincisi digər rayonlarda bunun buraxılmasını problematik hesab ediblər. Yeganə alternativ variant Aralıq dənizində neytral sulardan buraxılması idi. Bu regionda NATO ölkələrinin yaxınlığını nəzərə alaraq raketlərin buraxılması üçün Xəzərin daha təhlükəsiz olduğunu hesab ediblər.
- Rusiya aviasiyasının hissələrinin uçması və Rusiya gəmilərinin zərbə mövqeyinə keçməsi Azərbaycanın hava-su məkanından həyata keçirilib. Bu isə Bakı və Tehranın Rusiyanın planını dəstəkləmələrini ehtimal etməyə əsas verir. Bununla əlaqədar Rusiyanın Xəzəryanı tərəfdaşları ilə təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətini necə qiymətləndirirsiniz?
- Tehrana dair mən artıq cavab verdim. Bu məsələdə bizim tərəfdaşlığımız Bağdadda vahid koordinasiya mərkəzində iştirakdan ibarətdir və bu artıq heç kim üçün sirr deyil. Azərbaycana gəldikdə isə, mən təyyarələrin və gəmilərin necə keçdiyini, eləcə də bunun üçün xüsusi razılaşmanın lazım olub-olmadığını dəqiq bilmirəm. Amma Bakı və Moskvanın bu məsələ üzrə sözsüz razılaşması olduğunu ehtimal etməyə hazıram.
Birincisi, bizim yetərincə etibarlı tərəfdaş münasibətlərimiz var, onlar son zamanlar daha da möhkəmləniblər. İkincisi, mən düşünürəm ki, Moskva və Bakının İŞİD üzrə mövqeləri, eyni olmasa da çox yaxındır. İŞİD regionun bütün ölkələri üçün istisna olmadan birbaşa təhlükədir. Üçüncüsü, mən Azərbaycan islamının əsasən şiəlik olduğu amilini də nəzərə alardım. Rusiyanın isə indi şiələrin İŞİD ilə mübarizəsini dəstəkləməyi de-faktodur.
- Bəziləri Xəzər akvatoriyasından Rusiya zərbələrinin regionu İŞİD terrorçularının potensial hədəfinə çevirəcəyini ehtimal edir. Bu barədə nə düşünürsünüz? Əgər bu təhlükə həqiqətən realdırsa region ölkələri ona qarşıdurmağa hazırdırlarmı?
- Düşünmürəm ki, bu zərbələr İŞİD və digər terrorçuların istiqamətlərində nəyi isə prinsipial olaraq dəyişsin. Xəzər ölkələri çoxdan və etibarlı şəkildə ekstremistlər üçün hədəfdirlər. Burada illüziya qurmaq lazım deyil. İŞİD-in emissarları regionun bütün ölkələrində peyda olublar və Rusiya Suriya böhranında fəal mövqe tutana qədər öz dağıdıcı fəaliyyətlərinə başlayıblar. İŞİD-ə qədər isə başqaları var idi.
Rusiyanın şimali Qafqazında bu insanlar hələ 90-cı illərin əvvəllərində öz terror fəaliyyətlərinə başlamışdılar. İran çoxdan onlarla açıq müharibə aparır. Qazaxıstanda mütəmadi olaraq ekstremist yuvalarını dağıdırlar. Türkmənistan və Əfqanıstan sərhədlərində isə bu yaxınlarda bu publika ilə bir sıra xoşagəlməz hadisələr baş verib.
Azərbaycan da istisna deyil – ekstremistlər burada da işləyir. Və bütün bunlar hazırkı raket zərbələrinə qədər başlayıb. Sadəcə İŞİD liderlərinin çıxışlarını oxuyun və dinləyin – onlar əsas məqsədlərdən birinin milli dövlətlərin dağıdılması olduğunu gizlətmirlər. Və ilk növbədə şərti olaraq islam dövlətlərinin. Onların hipotetik xilafətlərinin xəritəsinə baxın – Azərbaycan tam olaraq oradadır. Ona görə də bir daha vurğulayıram - illüziya qurmayın.
- Sizin fikrinizcə, İranın Rusiyanı Suriyada dəstəkləməsi Tehran və qərbin yaxınlaşmasına və sanksiyaların ləğv edilməsi prosesinə təsir edə bilərmi?
- Şübhə edirəm. Qərb hələ ki, İŞİD ilə Rusiya-İran mübarizəsinə dair qısqanclıq və qıcıqlanma nümayiş etdirir. Mənim üçün bu, Qərbin İŞİD-ə qarşı münasibətində - bir qədər yumşaq desək - həqiqəti gizlətdiyini sübut edir. Elə bir təsəvvür yaranırdı ki, məsələn, amerikalılar üçün İŞİD regional və qlobal rəqiblər ilə mübarizə alətidir. Bir il altı ay bomba zərbələri boşluğa və sıfır nəticə - bütün “mübarizə” budur.
İndi onlar Rusiyanı Əsədə qarşı müxalifətə zərbələrdə ittiham edirlər. Moskva bu müxalifətlə əlaqə qurmağı xahiş edir ki, onlar bu bombaların altına düşməsin. Amma Qərb susur, ya da birbaşa etiraz edir. Ya ümumiyyətlə, heç bir müxalifət yoxdur, ya da ki, bizim bəzən onlara zərbə vurmağımız Qərb üçün əlverişlidir, və yaxud da Qərb əslində İŞİD-in məğlub olmasını istəmir. Ona görə də düşünmürəm ki, İran bu fonda Qərbin gözündə əlavə xal qazana bilsin.
F.H.
www.oxu.az