Oxu.Az Azercell Telecom şirkətinin prezidenti Vahid Mürsəliyev ilə müsahibəni təqdim edir:
- Müsahibə öncəsi haqqınızda qısa bir araşdırma aparsaq da, bununla belə barənizdə çox az informasiya əldə edə bildik. Zəhmət olmasa, özünüz haqqında bizə informasiya verə bilərsinizmi? Vahid Mürsəliyev kimdir?
- Vahid Mürsəliyev bu gün Azercell Telecom şirkətinin prezidentidir. 2005-ci ilin avqustun 12-dən hüquq bölümünün rəhbəri kimi fəaliyyətə başlamışam. Bir müddətdən sonra isə hüquq bölümü böyüyərək əvvəlcə Hüquqi İşlər və Müqavilə İdarəetmə, sonra isə Hüquq və İdarə İşləri Departamentinə qədər yüksəlib. Bundan sonra adıçəkilən departamentin direktoru və prezidentin baş müşaviri təyin edildim.
Bu vəzifələri icra etməklə yanaşı Təsisçilərin Ümumi Yığıncağının qərarı ilə 2015-ci ilin yanvarın 5-dən şirkət prezidentinin vəzifələrini icra etmişəm. 2015-ci ilin dekabr ayının 1-dən isə yenə də Təsisçilərin Ümumi Yığıncağının qərarı ilə şirkətin prezidenti vəzifəsinə təyin edilmişəm.
2005-ci ildən əvvəlki fəaliyyətim isə neft sənayesi ilə bağlı olub. 1984-cü ildən Neft Daşlarında fəhlə-operator işləyirdim. Təxminən 7 il sərasər fəhlə-opeator işləmişəm. 1992-ci ildə isə təsadüf nəticəsində o vaxtlar təzəcə yaradılmış “Azərneft Dövlət Konsern”inə iş təklifi almışam. O zaman (Allah rəhmət etsin) Sənan Əlizadə adıçəkilən konsernə prezident təyin edilmişdi.
Bir gün o, Neft Daşlarında fəhlələr ilə görüşə gəlmişdi. Mən də tribunadan çıxış etmişdim. Bu isə görünür, onun xoşuna gəlmişdi. Həmin vaxtlar isə mən Neft Daşları Həmkarlar Komitəsində Təlimatçı işləyirdim. Məhz həmin təklifdən sonra “Azərineft” konsernində, sonradan isə ARDNŞ-də əmək fəaliyyətimi davam etdirmişəm.
Daha sonra isə Amerikanın neft şirkətlərinin birindən şox yüksək əmək haqqı ilə iş təklifi aldım və təklifi qəbul edərək həmin şirkətdə işə düzəldim. Eyni zamanda paralel olaraq bir neçə xarici şirkətə və xarici investisiyalı birgə müəssisələrə məsləhət (konsalting) xidmətləri göstərirdim.
2000-2001-ci illərdə ABŞ-ın Klivlend şəhərində yerləşən Case Western Reserve Universitetində Amerika Korporativ İdarəetmə sistemi üzrə elmi-tədqiqat işləri aparmışam və bundan əlavə Biznesin İdarə Olunması üzrə tam bir semest oxuyaraq müvafiq sertifikat əldə etmişəm.
Ondan sonra neft sənayesində işlərimə davam etdim. 2005-ci ildə isə yenidən ABŞ-da, bu dəfə Çikaqoda oldum. Enerji üzrə konsaltinq şirkətində çalışdım. ABŞ-dan gəldikdən sonra isə Azercell-dən iş təklifi aldım.
- Vahid bəy, ilk öncə, sizi Azercell Telecom MMC-nin prezidenti təyin olunmanız münasibətilə təbrik etmək istəyirik. Bu vəzifəyə təyin olunan ilk azərbaycanlı olmağınız isə bizi çox sevindirir. Vahid bəy, bildiyimiz kimi, siz artıq 10 ildir Azercell şirkətində çalışırsız. Bu gün Azercell sizin üçün nə deməkdir?
- 2005-ci ildə birdən-birə neft və qaz sənayesindən profili dəyişib, telekommunikasiya sektoruna gəlmək bəlkə də bir az risk tələb edirdi. Çünki tamamilə fərqli sahələr idi. Məsələn, mənə nömrə daşınması xidməti, tezliklər, arabağlantı və s. bu kimi terminlər barədə bir söz desəydilər qəribə gələrdi ki, siz nə danışırsınız.
Amma bu sektora gəldikdən sonra, bu sahənin nə qədər maraqlı olduğunu gördüm. Sözün düzü Azercell-də çox şey öyrəndim. Əvvəla, tamamilə yeni bir sahənin mütəxəssisi oldum. Düzdür, onu da qeyd etmək lazımdır ki, Azercell-dən əvvəlki fəaliyyətimdə işimlə əlaqədar olaraq ABŞ-a tez-tez səfərlərim olurdu. Orada kifayət qədər beynəlxalq təcrübə toplamışdım. Eləcə də bir çox beynəlxalq neft müqavilələrinin imzalanmasında da iştirak etmişdim. ABŞ-da təhsil aldığım müddətdə də Korporativ İdarəetmə sistemini öyrənmişdim. Həmin illərdə yerli şirkətlərimizin çoxunda Müşahidə Şurası, Direktorlar Şurası, Təsisçilər və s. bu kimi orqanlar hələ təzə-təzə formalaşırdı.
Azercell-də isə bunlar mövcud idi və tam beynəlxalq standartlara uyğun fəaliyyət göstərirdi.Səmimi demək lazımdır ki, bu gün Azercell Azərbaycan bazarında bir çox şirkətlərə nümunə ola biləcək bir şirkətdir. Növbəti illərdə, özünün korporativ mədəniyyəti və korporativ idarəetmə sistemi ilə, Azercell-lə müqayisə edilə biləcək yeni şirkətlərin yaranması ölkəmizin iqtisadiyyatı və sağlam rəqabət mühitinin formalaşması üçün çox ciddi təkan ola bilərdi.

Açıqcası, ölkəmizin prezidenti, cənab İlham Əliyevin son dövrlərdə imzaladığı bir çox Fərman və Sərəncamlar belə şirkətlərin yaranması üşün həm mükəmməl hüquqi baza, həm də sağlam rəqabət mühiti formalaşdırır. Belə olduqda, iş qalır sahibkarlara və əlbəttə ki, həmin Fərman və Sərəncamların icrasını təmin etməli olan məmurlara. Azercellə gəldikdə isə, bütün yuxarıda qeyd etdiklərimi nəzərə alaraq deyə bilərəm ki, Azercell bu gün mənim üçün böyük bir məktəbdir, həm də mən Azercell-in bir parçasıyam.
- Etiraf etməliyik ki, bu gün təkcə Azərbaycan deyil, bütün dünyada mobil rabitə xidmətləri təklif edən şirkətlər transformasiya dövrünə qədəm qoyublar. Əvvəllər mobil rabitə şirkətlərinin əsas gəlir mənbəyi telefon danışıqları idi, lakin bu gün çoxsaylı messencerlər, o cümlədən də ip-telefoniya xidmətləri bazarda böyük paya malikdir. Bu isə mobil rabitə xidmətləri göstərən şirkətləri inkişaf strategiyalarını dəyişməyə vadar edir. Bəs Sizin rəhbərliyiniz altında Azercell dəyişən bazara hansı təkliflərlə çıxmağı planlaşdırır?
- Whatsapp, Skype, Viber, Facebook və s. kimi sosial platformaların tətbiqi bizim biznes üçün ciddi sürətdə itki deməkdir. Amma biz onlardan faydalanmağı bacarmalıyıq. Soruşa bilərsiniz ki, necə? Məsələn, bu platformalardan istifadə etmək istəyən abunəçilərin mütləq internetə çıxışı olmalıdır. Buna görə də, biz 2015-ci il ərzində internetin qiymətlərini 55% azaltmışıq. Məhz bunun nəticəsidir ki, internetdən istifadə edənlərin həcmi 39% artıb.
Hazırda bazarda baş verən dəyişikliklərə uyğun mobil operatorlar daha çevik olmalıdırlar. Bazara dərhal adaptasiya olmaq lazımdır. Məndən əvvəlki rəhbərlər də bunu nəzərə alıb, şirkət daimi bazarla ayaqlaşa bilib.
Biz bilirik ki, indi səsli danışıqdan daha çox mesajlaşma və s. populyardır. Biz isə nə etməliyik? İnternetdən istifadəni asan hala gətirməliyik. Qiymət siyasətimizə yenidən baxmalıyıq, daha böyük ərazilərə yayılmalıyıq.
Biz bunları bilirik, buna müvafiq də tədbirlər görürük. Məhz bunun nəticəsidir ki, biz bazarda mövqeyimizi qoruyub saxlaya bilmişik. Məsələn, adi bir misal çəkim sizə, əgər biz çevik və sürətli hərəkət etməsək, bazarda müştərilərimizi itirə bilərik. Ona görə də şirkət daha çevik davranmağa məcburdur. Bundan başqa, növbəti illər üçün 4G şəbəkəsini bütün ölkə üzrə genişləndirməyi hədəfləmişik.
- Vahid bəy, 4G-dən danışdınız. Bilmək istərdik bütün ölkə əhalisinin 4G-yə çıxışı nə vaxt təmin ediləcək?
- Bununla bağlı yanlış bir proqnoz vermək istəmirəm. Amma hazırda bizim əsas strateji hədəflərimizdən biri də məhz budur. Özəlliklə kənd və rayonlarda bu xidmətdən istifadəni genişləndirməkdir. Bakıda və Abşeronda onsuz da xeyli ərazidə bu xidməti göstərə bilmişik. Azərbaycanda və Zaqafqaziyada 4G-ni kommersiya istifadəsinə ilk biz vermişik 3G xidməti isə demək olar ki, hər yerdə var.
Bir müddət öncə isə bizim daxili müzakirələrimiz olmuş, 4G-nin tətbiqinin genişləndirilməsi üçün müəyyən tədbirlər planı müzakirə etmişik. Belə ki, 5 regionda 4G xidmətinin genişləndirilməsi üçün tədbirlər görəcəyik. Sonra isə bu xidmətin bütün ölkəyə yayılmasını planlaşdırırıq.
- Bu gün Azərbaycanın əsas prioritet vəzifələrindən biri qeyri-neft sektorunun inkişaf etdirilməsi yolu ilə büdcəyə ödənişlərin həcmini artırmaqdır. Necə düşünürsüz, sizcə biz bu məsələdə kifayət qədər gec qalmamışıqmı? Azərbaycan hansı istiqamətlərdə inkişafa üstünlük verməlidir?
- Dünya bazarında neftin kəskin ucuzlaşması bir çox ölkələrdə olduğu kimi bizə də öz təsirini göstərir. Amma bununla belə düşünürəm ki, biz enerji resurslarından, qaz yataqlarından çox uğurla istifadə etmişik. Belə ki, qısa müddət ərzində fantastik hesab edilə biləcək infrastruktur yaradılıb. Ölkənin iqtisadiyyatı çox böyük sıçrayış edib. Bu, danılmaz faktdır.
Amma dünyanın heç bir ölkəsi təkcə enerji resurslarına güvənib, uzunmüddətli strategiya qura bilməz. Çünki bunlar gec-tez tükənə bilərlər.
Hətta ABŞ-da artıq elektriklə işləyən avtomobillərdən istifadə etməyə başlayıblar. Sudan bioloji yanacaq düzəldib, təyyarə yanacağı kimi istifadə etmək məsələsi gündəmdədir. Yəni, bu cür sistemlər yarandıqca enerji resurslarına tələbat kəskin azalacaq. Bunun üçün də Azərbaycanda qeyri-neft sektorunu inkişaf etdirmək vacibdir. Son illər bu sahədə Azərbaycan ciddi işlər görür. Bu sahədə dövlətimizin siyasətini yüksək qiymətləndirirəm.
Azərbaycanda qeyri-neft sektoru dedikdə ilk ağlıma gələn də İKT sektoru olur. Qeyd edim ki, bununla bağlı bir neçə dəfə Azərbaycan Prezidenti Fərman, Sərəncamlar imzalayıb. Düşünürəm ki, 2020-ci ildə dövlət büdcəmizə informasiya kommunikasiya texnologiyaları sahəsindən gələn gəlir, neft sektorundan gələn gəlirləri aşacaq. Sualınıza gəldikdə isə düşünmürəm ki, Azərbaycan bu məsələdə gec qalıb.
- Cari ildə mobil operator bazarı üçün yadda qalan hadisələrdən biri İsveç-Finlandiya telekommunikasiya şirkəti olan TeliaSonera-nın “Avrasiya” regionunda fəaliyyətini dayandıraraq, “Avropaya” üstünlük verməsi və bununla əlaqədar, bir sıra aktivlərini, o cümlədən Azercell-dəki payını satışa çıxarması məsələsi oldu. Mətbuat potensial alıcı qismində Turkcell şirkətinin adını çəkir. Bu məsələ ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Şirkətin yeni sahiblərindən nə gözləyirsiz?
- TeliaSonera şirkətinin Avrasiya bazarını tərk etməsi əslində Azercell-in satılması anlamına gəlmir. Turkcell şirkətinin TeliaSonera-nın Fintur Holding şirkətindəki payını alması məsələsinə gəldikdə isə, bu şirkət holdinqdə ikinci təsisçidir. Beynəlxalq hüquqda belə bir anlayış var ki, təsisçilərdən biri öz hissəsini satmaq istəyirsə, ilk olaraq digər təsisçiyə bunu təklif edir. Həm də elan edir. Ta ki digər təsisçi rəsmən imtina etməyənə qədər başqa danışıqlar getmir.
Turkcell şirkəti bununla bağlı iki dəfə rəsmi press-reliz yayıb və bu alqı-satqı ilə bağlı rəsmi təklif irəli sürdüyünü bəyan edib.Hal-hazırda tərəflər arasında danışıqlar gedir. Onu da qeyd edim ki, əgər danışıqlarda hər-hansı irəliləyiş olacaqsa, bu barədə TeliaSonera şirkəti ictimaiyyəti məlumatlandıracaq. Şirkətin son addımı, yəni Nepal bazarından çıxışı da buna sübutdur. Belə ki, Nepalda Ncell şirkətinin satılması ilə bağlı ilkin sənədlər imzalandı. Cəmi bir neçə saat sonra isə TeliaSonera şirkəti artıq ictimaiyyətə rəsmi açıqlama vermişdi.
Sual verə bilərsiniz ki, tək alıcı Turkcell şirkətidirmi? Onu deyim ki, ola bilər ki, hansısa başqa bir şirkət hissələri almaqda maraqlıdır. Yəni, başqa alıcılar da ola bilər. Amma bu gün rəsmi bəyanatla çıxış edən tək şirkət Turkcell-dir.
- Hazırda bazarda 3 oyunçu var. Sizin rəhbəri olduğunuz şirkət isə bazarın 48%-nə nəzarət edir. Rəqabətdən qorxursunuzmu? Bu sahədə rəqabət sizin üçün nə deməkdir?
- Qətiyyən. Mən hətta istərdim ki, şirkətin bazarda payı 48%-dən də artıq olsun. Əlbəttə, bizim mobil operatorlar arasında olan rəqabətimiz müştəriyə hesablanıb. Yəni, qazanan onlar olur. Biz əlbəttə qorxmuruq. Amma çevik olmalıyıq. Bazarda baş verən istənilən dəyişikliyə reaksiya verməliyik. Həm də bizim çox mükəmməl kollektivimiz var. Düşünürəm ki, biz bazarda liderlik mövqeyini uzun illər qoruyub saxlayacağıq.
- Bir qədər də şirkətin 2016-cı il üçün yenilikləri barəsində bilmək düşünürəm pis olmazdı...
- Mən indi bütün detallara açıqlamayacağam. Amma ümumi şəkildə deyə bilərəm ki, tam əvvəlki illərdə olduğu kimi Azərbaycana yeni texnologiyaların gətirilməsinə davam edəcəyik. Müştərilərə yeni xidmətlər təklif ediləcək. 4G xidmətinin genişləndirilməsini planlaşdırırıq. Yeni kampaniyalar ilə bazara çıxacağıq. Biz deyirik 4G-ni gətirəcəyik. Amma onu dəstəkləyən cihaz da olmalıdır. Bizim bölgələrdə 4G-ni dəstəkləyən cihazlar çox azdır. Nə etməliyik? Biz onu abunəçilərimiz üçün əlçatan etməliyik.
Bu gün, bəli, bu tipli cihazlar bəzən bizim alıcıların cibinə uyğun olmur. Büdcəsinə uyğun olmur. Şirkət müəyyən güzəştli kampaniyalar və s. ilə bazara çıxır. Məhsullarını öz müştərilərinə təklif edir. Növbəti ildə Azercell şirkəti ənənəsinə davam edəcək. Hətta onu da qeyd edim ki, təsisçilərin dəyişilməsi belə şirkətin fəaliyyətinə zərrə qədər də təsir etməyəcək.
Yeni məhsulların bazara təqdim edilməsi istiqamətində də əməkdaşlarımız çox çalışır. Hətta onların arasında gecə saat 11-12-yə qədər işləyənlər var. Amma şirkət onların qarşısında belə bir məcburiyyət qoymayıb. Yəni, bu gün Azercell-də korporativ mədəniyyət var. Hamı şirkətə özünkü kimi baxır.
Düşünürəm ki, yeni məhsullarımız müştərilərimizin işini, onların internetdən istifadəsini asanlaşdıracaq, həm də şirkətin gələcək fəaliyyəti müştərilərimizi bizə daha çox bağlayacaq.
- Vahid bəy, dekabrın 21-də Azərbaycan üzən məzənnə rejiminə keçib. Bu, Azercell-in fəaliyyətinə, tariflərə necə təsir edəcək?
- Təbii ki, çətin dövrdür. Biz artıq bir dəfə yaşamışdıq bunu, ikinci dəfə oldu. Amma bu, gözlənilən idi, qaçılmaz idi. Biz neft ixrac edən ölkəyik. Dünya bazarında neftin qiymətləri isə təxminən 3 dəfə aşağı düşüb. Təbii ki, bu halda manatın məzənnəsini olduğu kimi qoruyub saxlamaq mümkün deyildi. Bu hal ölkə iqtisadiyyatına daha çox zərər verə bilərdi.

Ölkə iqtisadiyyatını xilas etmək baxımından məncə qaçılmaz və doğru addım idi. O ki qaldı devalvasiyanın bizim müştərilərə, eləcə də şirkətə təsirinə, onu deyim ki, bizim strategiyamızda müştərilər həmişə birinci olub. Onların məmnuniyyəti bizim üçün prioritet olub. Ona görə də biz əlimizdən gələni edəcəyik, çalışacağıq ki, onlar bizdən inciməsinlər. Nə qiymət, nə də xidmət baxımından.
- Vahid bəy, neçə saat telefon ilə danışırsınız? Nömrəniz daim açıq olurmu?
- 24 saat açıqdır. Tək mən deyil, şirkətin əməkdaşlarının hamısının nömrələri xidmətlidir. İşimiz dinamik olduğundan buna məcburuq. Azərbaycan əhalisi 24 saat telefondan istifadə edir. Elə buna görə də Azərbaycanda 24 saatlıq müştəri xidmətləri ilk dəfə Azercelld tərəfindən yaradılıb. Telefonumuz da buna görə daim açıq olmalıdır. Çox danışırsınızmı sualına gəldikdə isə onu deyim ki, gələn zənglərdən asılı olaraq bu gün ərzində 1-2 saat ola bilər.
- Azercell azad olunmuş torpaqlarda şəbəkəni qaldırmağa nə dərəcədə hazırdır?
- Təki Qarabağımız azad olsun. Biz ən qısa zamanda orada şəbəkəmizi qurar və dogma Qarabağımızda vətəndaşlarımıza ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərməyə başlayarıq. Söz verirəm ki, Şuşada Xankəndində, Kəlbəcərdə və digər işqal altında olan torpaqlarımızda açılacaq ilk müştəri xidmətləri ofisi məhz Azercellə məxsus olacaq. Sanki hiss edirəm ki, biz artıq torpaqların alınması məsələsinə çox yaxınlaşmışıq.
Ümid edirəm ki, tezliklə buna nail olacağıq. Bilirsiz ki, son vaxtlar ordumuz xeyli güclənib, dövlətimizin başçısı, Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələyə son dərəcə ciddi nəzarət edir. İndi bizim ordumuz düşmənə layiqincə zərbə vurmağa qadirdir və istənilən an torpaqlarımızı azad etmək iqtidarındadır. İNŞAALLAH tezliklə torpaqlarımızın azad olunmasının şahidi olacağıq. Hər dəfə eşidəndə ki, Azərbaycan ordusu düşmənin cavabını artıqlaması ilə verib, biz qürurlanırıq.
- Bildiyimiz kimi, Azercell öz fəaliyyətində daim gənclərlə bağlı proqramlar həyata keçirib. Bu gün bu şirkətin rəhbəri, ilk azərbaycanlı rəhbəri kimi Azərbaycan gənclərinə hansı tövsiyələri verə bilərdiniz?
- Birincisi, gənclərə tövsiyəm odur ki, vətənpərvər olsunlar. Vətənlərini, dövlətlərini, dillərini sevsinlər. İkincisi, mütləq müəyyən bir səviyyədə təhsil alsınlar. Ali təhsil almaq xatirinə təhsil almasınlar. Belə olarsa onlar sıravi mütəxəssis olacaq, amma indiki zəmanədə sıravi mütəxəssis olmaq azdır. İndiki zəmanədə, liderlik, idarəetmə, doğru zamanda doğru qərar qəbul etmə bacarıqları çox vacibdir.
Məqsədyönlü olsunlar. Qarşılarına məqsəd qoysunlar. Məqsədə çatmaq üçün isə mütləq mübariz olsunlar. Bir sözlə, elm, təhsil və ya peşə sahibi olsunlar. Bir də çox vacibdir ki, xeyirxah və insanpərvər ruhda böyüsünlər. Məncə dünyada ən gözəl hisslərdən biri də ehtiyacı olan insanlara əl tutmaqdan aldığın məmnuniyyət hissidir.
Böyüklərə, kiçiklərə münasibətdə hörmətli olsunlar. Ola bilər ki, qarşındakı səndən savadsız, yoxsul, kimsəsiz biridir, amma onlar da şəxsiyyətdir.
İnsanda olması vacib olan iki hiss var: qorxu, bir də utanmaq hissi. Onlar olmasa insanlar həm özləri, həm yaxın ətrafları, həm də cəmiyyət üçün çox təhlükəli olarlar. Həmişə deyirəm ki, ALLAH bu hissələri bizim insanlardan almasın.
- Siz həm hazırkı Bakı Dövlət Universitetinin məzunusunuz, həm də ABŞ-da təhsil almısız. Qərb və Azərbaycan təhsili barədə fikirlərinizi bilmək maraqlı olardı – bu gün Azərbaycan təhsili nədə uduzur?
- Məhz bu gündən danışırıqsa, fikrimcə ABŞ, İngiltərə, İsveçrədə və bəzi başqa Qərb ölkələrinin böyük əksəriyyətində ali təhsil bütün məqamlarda irəlidədir. Bəlkə həmin ölkələrdə orta təhsil almaq bizə nisbətən daha rahatdır. Amma ali təhsil sistemi onlarda çox yaxşı qurulub.
Qərbdə təhsil alanlar hazır kadr kimi ölkələrinə qayıdırlar. Ölkəyə qayıtdıqda bildiklərini sadəcə tətbiq etmək qalır. Mən demək istəmirəm ki, bizdə bu sistem çox pisdir, amma Azərbaycanda da yavaş-yavaş islahatlar aparılır. Bu da normal bir şeydir. Biz müstəqil, gənc dövlətik, ona görə də təhsil sistemimizə də təkmilləşmək və islahatlar aparmaq üçün, digər sahələr kimi, vaxt lazımdır. Mən bir nümunə kimi Sinqapur dövlətini göstərə bilərəm.
Zamanında onların təhsil sistemi yox dərəcəsində idi. Sonra onlar da ciddi islahatlara başladılar və xeyli sayda gencleri dünyanın müxtəlif ölkələrinə təhsil almağa göndərdilər və həmin gənclər ölkələrinə qayıtdıqdan sonra daha çox təhsil sahəsində çalışmağa başladılar. İndi Sinqapurun təhsil sistemi öz səviyyəsinə və mükəmməlliyinə görə dünyada dördüncü yerdədir. Ən maraqlısı odur ki, indi Singapur hər il təhsildən milyonlarla gəlir əldə edir.Bəli, hal-hazırda bizim universitetləri bitirib, yüksək vəzifələrdə çalışan insanlar kifayət qədərdir.
Tək onu misal gətirim ki, Azercell şirkətində çalışan işçilərin 95%-dən çoxu Azərbaycanda təhsil alıb. Xaricdə təhsil alanların sayı bizim şirkətdə azdır. Onu da qeyd edim ki, bizim şirkətdə ölkəmizdə təhsil almış elə proqramçılar çalışır ki, onalrın bəziləri, hətta deyərdim dünya səviyyəli mütəxəssislərdir. Baxmayaraq ki, yuxarıda qeyd etdiyim kimi, onlar öz ölkəmizdə təhsil alıblar. Amma şübhə yoxdur ki, vaxt gələcək bizim də dünya standartlarına uyğun mükəmməl təhsil sistemimiz olacaq.
- Ətrafınızdakı insanlar sizin haqqınızda nə düşünür? Amma onu deyim ki, müsahibə aldığım müddətdə bu qənaətə gəldim ki, Vahid Mürsəliyev çox səmimi insandır. Vahid bəy, dostlarınız çoxdur? Onlarla nə qədər vaxt keçirirsiniz?
- Mənim nə dərəcədə səmimi olduğumu söyləmək, sözün doğrusu mənim üçün çox çətindir. Məncə, özünü qiymətləndirmək , özü haqqında bir müsbət fikir söyləmək həyatda ən çətin məqamlardan biridir. Amma özümü tənqid baxımından qiymət verə bilərəm.
Mən, bir hüquqşünas olaraq bu peşəyə o qədər də xas olmayan və ya bu peşə ilə o qədər də mütənasib olmayan dərəcədə ürəyiyumşaq insanam. Ona görə də, düşünürəm ki, heç vaxt hüquq-mühafizə orqanlarında çalışa bilməzdim. Həmişə çalışaram ki, insanlara yaxşılıq edim. Hətta o insan pisliyə layiq biri olsa da belə, ən azından çalışıram neytral qalım.
Düşünürəm, əslində bu, xüsusilə biznes aləmində rəhbər vəzifədə çalışan bir insan üçün o qədər də yaxşı xüsusiyyət deyil. Yəni, insan həyatda, xüsusilə iş həyatında çətin vəziyyətdə, bəzən çətin, qeyri populyar qərar qəbul etməyi bacarmalıdır. Amma hazırkı işim ilə bağlı lazım olduqda sərt mövqeydə də çıxış edirəm. Çətin qərar verməyi, bəzi məsələlərdə bütün məsuliyyəti üzərimə götürməyi bacarıram.
O ki qaldı dostlarıma. Açığı deyim ki, indi dostluq anlayışı 30-40 il bundan əvvəlkindən fərqlənir. Bu gün insanların dəyər verdiyi amillər dəyişib, kəskin surətdə fərqlənən dünyagörüşləri formalaşıb. Amma buna baxmayaraq, təbii ki, dostlarım və xeyli sayda səmimi yoldaşlarım da var.İmkan olanda onlarla vaxt keçirməkdən zövq alıram. Mən ağıllı, savadlı və geniş dünyagörüşə malik insanlara çox hörmətlə yanaşır, onlarla söhbət etməkdən həmişə məmnunluq duyuram. Həmişə nə isə yeni bir şey öyrənmək, ağıllı bir söz eşitmək mənim üçün çox maraqlı və cəlbedici olub.
Eyni zamanda ölkəmizdə çox səmimi, biliyinə, savadına, ağlına, əxlaqına, tərbiyəsinə hörmət etdiyim, lakin heç bir dostluq və yoldaşlıq münasibətlərim olmayan xeyli sayda insanlar var.
O ki, qaldı kollektivdə məni nə dərəcədə səmimi insan kimi tanıyırlar onu deyə bilmərəm. Onu onlardan soruşmaq olar. Amma həqiqətən əgər məndən soruşsanız mən maksimum dərəcədə insanlarla səmimi davranmağa çalışıram. Kollektivdən özümü heç bir şeylə ayırmıram. Məsələn, nahar vaxtı çatanda mən də digər əməkdaşlarımız kimi binamızın yeddinci mərtəbəsində yerləşən yeməkxanaya qalxıb növbəyə dururam.
Onu da deyim ki, mənim üçün ictimai fikrin əhəmiyyəti çox böyükdür. Qapıdan çölə çıxdıqda belə, ətrafdakı insanların mənim haqqımda düşüncəsi mənim üçün əhəmiyyətlidir. Bəlkə bu da zəif cəhətdir.

Bəzən insan ictimai fikrə çox böyük əhəmiyyət verdiyinə görə, özünün fəaliyyətində özü hardasa zərər çəkə bilər. Düşünə bilər ki, bunu belə etsəm bəlkə ətrafdakıların xoşu gəlməz? Ola bilər ki, o anda məhz o cür davranmaq lazımdır. Bilmirəm. Mənim üçün ictimai fikir çox əhəmiyyətlidir. Mən məsələn, təsəvvürümə gətirmirəm ki, insan bir başqasının gözünün içinə baxıb yalan danışa bilsin. Ona görə, hesab edirəm ki, ətrafdakıların məni səmimi insan hesab etmələri üçün kifayət qədər əsas var.
- Vahid bəy, mütaliəyə vaxt ayıra bilirsinizmi?
- Obrazlı ifadə etsək, mütaliəni “yerdə” deyil, ancaq “göydə” edirəm. Yəni təyyarədə. Mütaliəni çox sevirəm. Amma səmimi etiraf etmək lazımdır ki, çox zaman buna vaxt ayıra bilmirəm. İşimizin xarakteri elədir ki, çox tez-tez ezamiyyətdə oluruq. Elə bu zaman mütaliə edirəm. Bunun da iki səbəbi var. Birincisi, heç cürə təyyarədə yata bilmirəm. İkincisi isə mütaliə yolu yaxınlaşdırır. Ona görə də, hər ezamiyyətim vaxtı bir və ya iki bədii əsər oxuyuram. Adətən isə bu Çingiz Abdullayevin əsərləri olur. Belə deyək, o yazmaqdan, mən isə oxumaqdan yorulmuram. Evdə isə buna vaxt tapa bilmirəm, çünki yorğun oluram.
Onu da sizə deyim ki, mənim musiqi təhsilim var. Tarda çalıram. Əsasən evdə boş vaxt tapan kimi qonaq otağına keçib, orda özüm üçün tar çalıram. Təkcə tar deyil, eləcə də ud və gitaradan da istifadəni bacarıram. Hətta gənc yaşlarımda televiziyada bir dəfə ud, bir dəfə də gitara ilə “görünmüşəm”. Görünmüşəm ona görə deyirəm ki, rayonumuzun ansamblının tərkibində hansısa bir musiqi festifalında çıxış etmişəm. Soruşa bilərsiniz ki, tarda ifa etməyə maraq sizdə necə yaranıb? Bu uşaq vaxtı valideynlərimin təşəbbüsü ilə olmuşdu, amma təbii ki, mənim də istəyim nəzərə alınmışdı.
- Azərbaycanda çox vaxt deyirlər ki, hər-hansı uğura nail olmaq üçün ya qohum, ya da böyük miqdarda pul lazımdır. Amma bu gün Vahid Mürsəliyev bizə bunun əksini sübut edir....
- Mən əvvəla çox kasıb ailədə böyümüşəm. Allah ümummilli liderimiz Heydər Əliyevə rəhmət etsin. 1980-ci illərin əvvəllərində Hüquq fakültəsini şəxsi nəzarətə götürmüşdü və belə bir qayda qoymuşdu ki, hüquq-mühafizə orqanlarında işləyənlərin, ticarət sektorunda işləyənlərin, eləcə də yüksək vəzifə sahibi olanların övladları həmin fakültəyə sənəd verə bilməzdi. Sadə bir kənd ailəsindən gedib sənədlərimi verdim. Qəbul olundum. Tək mən deyildim, mənimlə birlikdə təhsil alanların, ümumiyyətlə həmin illərdə hüquq fakültəsinə qəbul olanların 80-90%-i məhz bu cür, yəni öz bilikləri ilə qəbul olunmuşdu.
Yenə də qeyd edim ki, çox yoxsul bir ailənin övladı idim. Hətta sizə deyim ki, elə günlərim olub ki, günorta yeməyini yeməyə pulum çatmayıb, bəzən elə olub ki, qalmağa yerim olmayıb və dəmir yolu vağzalında gecələməli olmuşam. Yəni, onu demək istəyirəm ki, hər şey insanın özündən asılıdır. İnsanın məqsədi, iradəsi, mübarizə etmək qabiliyyəti varsa, Allah ona yol açacaq.
Düzdür, bəzən də doğru zamanda, doğru yerdə olmaq məsələsi də var. Bir az insanın uğurunda şans, bəxt məsələsi də mühüm rol oynayır. Amma səmimi deyim ki, bir az öncə də qeyd etdiyim kimi, çox şey insanın özündən asılı olan məsələdir. Heç şübhəsiz, ALLAHIN qisməti deyilən bir deyim də var və mən buna inanıram, amma Allah da deyir ki, səndən hərəkət, məndən bərəkət.
Plato deyir ki, uğur heç kimin yanına getmir, uğur gözləmir ki, kimsə onun yanına gəlsin. Uğura özün gedib çatmalısan. Həm də düşünürəm, həyatda mübarizə aparmaq lazımdır. Həmişə bu qənaətdə olmuşam ki, insan çəkdiyi zəhmətin bəhrəsini mütləq görür. Zəhmətin itməsi qeyri-mümkündür. Bu, həyatın qanunudur. Mən övladlarıma da bunu tövsiyə edirəm.
- Zəhmət olmasa, bizə övladlarınız barəsində danışardınız?
- İki oğlum var. Böyük oğlum ABŞ-da təhsili alıb elə orada da işləyir. Baxmayaraq ki, cəmi 26 yaşı var, çox qısa zamanda özünə uğurlu karyera qura bilib. Çox yüksək bir əmək haqqı ilə böyük bir şirkətdə və kifayət qədər məsul bir vəzifədə çalışır. Kiçik oğlum isə Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə İngiltərədə həm bakalavr, həm də magistr təhsili alıb. Hazırda Dövlət Neft Şirkətində işləyir.

- Vahid bəy, övladlarınızın gələcəyini necə görmək istəyərdiniz?
- Düzdür, bu gün onlar artıq böyüyüblər, birinin 24, birinin 26 yaşı var. Amma tam sərbəst də deyillər. Onların üzərində, belə deyək, nəzarət olunan demokratiya var. Çünki bəzən gənclər yanlışlıq edə bilirlər. Amma mən inanıram ki, onlar bunu heç vaxt etməyəcəklər.
ABŞ-da yaşayan böyük oğlumla demək olar ki, hər gün skype vasitəsilə danışırıq. Ona həmişə tövsiyə edirəm ki, azərbaycançılığı unutma. Həmişə deyirəm ki, orda olan həmvətənlərimiz ilə ünsiyyəti kəsmə. Mən övladlarımı vətənpərvər görmək istəyirəm. İstəyirəm ki, onlar həmişə, ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək:” azərbaycanlı olduqları üçün fəxr etsinlər”. Bir yaxşı cəhətləri də var, özlərindən böyük bütün insanlara, hətta mənə də Siz deyə müraciət edirlər. Onlar nəinki valideynə, heç bir insana yalan danışmağı ağıllarından belə keçirməzlər. Onları son dərəcə nəfsi tox böyütmüşəm, nəzarətdə saxlamağı çalışmışam. O baxımdan, uşaqlarımdan nigaran deyiləm.
Bundan başqa, istərdim ki, işlədikləri sahədə nəinki yaxşı mütəxəssis olsunlar, həm də lider olmağı bacarsınlar. Yaxşı ailə başçısı olsunlar. Deyə bilərəm ki, bu gün onlar tam mənim istədiyim istiqamətdədirlər, doğru yoldadırlar. Bundan sonra da təsir altına düşmələri də qeyri-mümkündür. Amma bununla belə qeyd etdiyim kimi, nəzarət olunan demokratiya davam edir.
Elvin Ş., Ülviyyə R. Əli
Foto: Nüsrət Abdullayev
www.oxu.az