Əməkdar artist Çingiz Əhmədov müasir ailələrin tez dağılmasının səbəblərindən danışıb.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, aktyor öz ailəsindən də söz açıb:
“Mən aktyoram, məvacibim azdır. Bu bir gerçəkdir ki, bizdə aktyorlar çox qazanmırlar. Xanımım Mehribanla ailə quranda bunu ona izah etmişəm. Dedim ki, beyninə həkk olunsun, aktyor az pul qazanır. Biz qarşılıqlı razılaşdıq: o da, mən də öz maaşımızın məbləğini dedik. Ailə qurandan sonra birləşib ev aldıq, şərait yaratdıq. İndiki gənclər arasında belə hallar yoxdur. Oğlanlar gözləyirlər ki, qayınata onlara ev, maşın versin. Bu da boşanmaya səbəb olur”.
Aktyor həyat yoldaşına olan sevgisindən də danışıb:
“Xanımım həmişə yanımdadır. Evə gedəndə zəng edirəm ki, yeməyə nə hazırlamısan? Əgər ürəyim nəsə istəyirsə, deyirəm, olar onu da edəsən? Deyir, baş üstə. Bu xanımı necə sevməyim? Harasa gedəndə şkafı açıb mənə libas belə seçir. Biz bu cür ailəyik”.
Aktyorun həyat yoldaşı isə “Elə olub ki, yeməyə çörəyimiz yox idi. Atam soruşanda ki, nəyiniz var? Demişəm, hər şey var, heç nə lazım deyil. Biz öz ayaqlarımız üstə durmağa çalışmışıq”, - deyə əlavə edib.