ABŞ Prezidenti Donald Tramp Rusiyanın NATO ərazisinə hücum etməyəcəyinə inandığını açıqlayıb. Tramp dünən Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlar əsasında Moskvanın NATO üzvü ölkələrinə qarşı hərbi təcavüzə əl atmayacağı qənaətindədir. Eyni zamanda, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfəri və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşü də diqqət çəkir. O, Retkliff və Narışkin arasındakı təmasları müntəzəm kəşfiyyat əlaqələrinin bir hissəsi kimi qiymətləndirərək görüşdə hər hansı xüsusi mesajın olmadığını bildirib. Bu baxımdan, Trampın "Rusiya NATO ərazisinə hücum etməyəcək" bəyanatı ABŞ-nin Rusiya ilə münasibətlərində yeni diplomatik yanaşmanın göstəricisi kimi qiymətləndirilə bilər. Bəs Trampın bu bəyanatı nədən xəbər verir? NATO-Rusiya qarşıdurması riski azalır, yoxsa yeni təhlükə yaranır?
Politoloq Sahil İsgəndərov Oxu.Az-a açıqlamasında bildirib ki, Donald Trampın məhz dünən bu bəyanatı səsləndirməsi, Putinlə danışıqlar zamanı Moskvanın NATO ölkələrinə, yaxud NATO-nun hansısa bir ölkəsinə hücum etmək niyyətində olmadığını bildirməsi, heç də dünənin söhbəti deyil:

"İstisna deyil ki, hətta bir il bundan əvvəl, Ankoricdə (Alyaska) baş tutan görüş zamanı ABŞ və Rusiya rəhbərləri arasında bu söhbət olub. Sadəcə bunun indi açıqlanması MKİ-nin direktoru Retkliffin Moskva səfərindən sonra jurnalistlərə verdiyi cavab əsnasında səsləndirilməsi hadisələrin məntiqi davamı kimi təqdim olunur. Rusiyanın NATO-ya hücum etmək məsələsinə gəlincə, bu fikirlər ilk səsləndiriləndən bəri daha çox spekulyativ xarakter daşıyır. Söhbət ondan getmir ki, Rusiyanın NATO, ən azından Baltikyanı ölkələrə müdaxilə etmək və hücum etmək planları yoxdur. Sadəcə Rusiyanın bu gün belə bir imkanı və gücü yoxdur. Əvvəla, Ukrayna bataqlığında ilişib qalmış Rusiya Ukrayna ilə bacara bilmirsə, Baltikyanı ölkələrə də hücum etmək riskini necə ala bilər? Üstəlik, həmin ölkələrin Qərb və ABŞ tərəfindən qiymətləndirilməsi Ukrayna ilə müqayisədə qat-qat yuxarıdır".
"Lakin NATO yalnız Avropa ölkələrindən ibarət deyil, onun aparıcı dövləti ABŞ-dir. ABŞ ilə Avropa müttəfiqləri arasında müəyyən ziddiyyətlər olsa da, bu o demək deyil ki, Rusiya NATO ölkəsinə hücum edərsə, ABŞ buna biganə qalacaq. NATO-nun təhlükəsizlik arxitekturasını məhz ABŞ formalaşdırıb. Sadəcə, Vaşinqtonun əsas tələbi Avropanın müdafiə üçün daha çox vəsait xərcləməsidir. Yəni Rusiyanın NATO-ya hücum edəcəyi barədə iddialar daha çox spekulyativ xarakter daşıyır və daxili auditoriyaya hesablanıb. Rusiya tərəfindən istənilən müdaxilə, hücum birmənalı şəkildə son nəticədə ən azından taktiki nüvə müharibəsinə gətirib çıxarar. Avropa İttifaqı (Aİ) ölkələrində yenidən silahlanma üçün 850 milyard dollar vəsait ayrılır və bu, ölkələrin büdcəsindən gedəcək. Bu xərcləri əsaslandırmaq üçün müəyyən bəhanələr lazımdır", - deyə ekspert vurğulayıb.
O, Retkliffin Moskva səfərinə də münasibət bildirib:
"Mənim zənnimcə, bu görüşdə daha çox Ukraynada yeni prezident seçkisinin keçirilməsi və mümkün güzəştlər müzakirə mövzusu ola bilərdi. Ukraynada son bir ayda baş verən hadisələr - hökumətin istefası, Mixail Fedorovun istefaya göndərilməsi, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və hazırda Böyük Britaniyadakı səfiri Valeri Zalujnının yenidən siyasi meydana qayıtması və korrupsiya həbsləri düşünürəm ki, Retkiffin səfərində daha önəmli məqam olub və ola bilsin ki, Vaşinqton Ukraynada bu addımlar atılacağı təqdirdə Rusiyanın Ukrayna məsələsində hansı güzəştlərə getmək və ya tələbləri qəbul etməsini aydınlaşdırmaq əsas məqsəd ola bilər. Ona görə də düşünürəm ki, yaxın 2-3 ildə Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma ehtimalı istisna olunur. Ayrı-ayrı təxribatlar ola bilər və düşünürəm ki, bir sıra Şərqi Avropa ölkələri tərəfindən ola bilər ki, Rusiya müharibəyə cəlb edilsin. Amma mövcud şəraitdə Rusiyanın genişmiqyaslı müharibəyə başlamaq imkanı yoxdur və Moskva da bunun fərqindədir".