"Rusiyanın Finlandiya və Norveç sərhədlərinə yaxın ərazilərdə hərbi infrastrukturunu genişləndirməsi, ilk növbədə, rəsmi Helsinkinin NATO-ya üzv olmasından sonra yaranmış yeni strateji reallığa reaksiyadır".
Bunu Oxu.Az-a açıqlamasında siyasi şərhçi Züriyə Qarayeva Rusiyanın sözügedən ölkələrin yaxınlığında hərbi mövcudluğunu artırmasını şərh edərkən deyib.

O bildirib ki, Finlandiyanın NATO-ya üzvlüyü ilə Alyans və Rusiya arasında birbaşa quru sərhədi əhəmiyyətli dərəcədə uzanıb:
"Norveç istiqaməti isə Arktika, Şimal Donanması və nüvə qüvvələrinin yerləşdiyi Kola yarımadası baxımından Moskva üçün xüsusi əhəmiyyət daşıyır. Rusiya bu addımla NATO-nun şimal cinahına təzyiq göstərmək, mümkün Alyans qüvvələrinin bölgəyə yerləşdirilməsinin qarşısını almaq və Ukraynada müharibə başa çatdıqdan sonra istifadə edə biləcəyi hərbi dayaq məntəqələri yaratmaq istəyir. Sərhədyanı bazaların genişləndirilməsi dərhal hücuma hazırlıq kimi deyil, uzunmüddətli hərbi planlaşdırmanın, çəkindirmə siyasətinin və Qərbə verilən siyasi mesajın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Mövcud məlumatlara görə, Rusiya Finlandiya sərhədi yaxınlığındakı hərbi obyektlərin tutumunu bir neçə dəfə artırmağı və Ukraynada döyüş təcrübəsi qazanmış bölmələri gələcəkdə bu istiqamətlərdə yerləşdirməyi planlaşdırır".
Ekspertin sözlərinə görə, bu addımın Ukrayna ilə müharibədə real irəliləyiş yaratması isə çətin görünür:

"Əksinə, Rusiya eyni vaxtda həm Ukrayna cəbhəsini saxlamaq, həm də NATO sərhədlərində yeni qüvvələr formalaşdırmaq məcburiyyətində qalarsa, maliyyə, texnika və şəxsi heyət resurslarını daha geniş əraziyə bölmək zərurəti ilə üzləşə bilər. Bununla belə, Moskva hesab edə bilər ki, şimal istiqamətində hərbi fəallığı artırmaqla NATO ölkələrini əlavə qüvvə və vəsait ayırmağa məcbur edəcək. Nəticədə Ukraynaya göstərilən dəstəyin müəyyən hissəsi Avropanın öz sərhədlərinin müdafiəsinə yönələcək. Bu, birbaşa hərbi üstünlükdən daha çox siyasi-psixoloji təzyiq və Qərbin diqqətini bölmək strategiyasıdır. Lakin belə davranış NATO ölkələrini qorxutmaq əvəzinə onların müdafiə xərclərini və regional hərbi əməkdaşlığını daha da artırarsa, Rusiya üçün gözlənilənin əks effekt yarada bilər. Buna görə də şimal sərhədlərindəki hərbi genişlənmə Ukraynada sülhə yaxınlaşmanın deyil, Moskvanın müharibədən sonrakı Avropa təhlükəsizlik düzəninə uzunmüddətli qarşıdurma prizmasından hazırlaşmasının göstəricisidir".