27 ildən sonra hər kəs kimi bizim də səbirsizliklə getmək istədiyimiz o gözəl torpaqlarımız... Baxanda ürəkləri dağlayan mənzərəsi olsa da, bu torpaqlar bizimdir.
Ötən günlərdə sizə Suqovuşanda, Füzulidə, Cəbrayılda, Ağdamda müharibədən sonrakı vəziyyət barədə məlumat vermişdik. Bu dəfə isə yolumuz Zəngilanadır.
Zəngilan rayonu qərbdən və şimal-qərbdən Qərbi Azərbaycanla (Ermənistan – Mehri, Qafan rayonları), cənub və cənub qərbdən İran İslam Respublikası, şimaldan Qubadlı və şərqdən Cəbrayıl rayonu ilə həmsərhəddir.

Ərazisi 707 kvadrat kilometr olan Zəngilanda düşmən daşı daş üstündə qoymayıb. Yol boyu uçuq-sökük evlər, dağıdılmış obyektlər, qamışlıq arasında qalan baxımsız sahələri gördükcə insanın ürəyi parçalanırdı.
Düşmənin dağıdıb, viran qoyduğu bu evlərdə, həyətlərdə neçə insanın xatirəsi var. Uzaqdan olsa da, görünən başıqarlı bu dağlar, dərələr sanki dilə gəlirdi. Yandırılmış torpaqlara, əkin sahələrinə baxdıqca burada gedən döyüşlərin nə qədər ağır olduğunu təxmin etmək çətin olmurdu.

Yol boyu yaşayış olmayan, baxımsız qalan kəndlərdən keçdik. Məmmədbəyli, Babaylı, Üçüncü Ağalı, İkinci Ağalı, İkinci Alıbəyli, Birinci Alıbəyli, Sarıl, Xumarlı, Şəfibəyli, Cahangirbəyli, Tatar, Tiri, Baharlı, Qarakez, Ördəkli, Qaradərə, Çöpədərə, Sobu, Dəlləkli, Qarqulu kəndlərini keçib nəhayət Bartaz qəsəbəsinə çatdıq.

Bu kəndlərdən Məmmədbəyli və Babaylı kəndlərinin demək olar ki, izi-tozu da qalmayıb. Təsəvvür edin, doğulub boya-başa çatdığınız yurdunuzu yer üzündən silməyə çalışıblar.
Kəndin aşağısından keçən çay diqqətimizi çəkir. Təəccüblü olsa da, çay sanki heç nə olmamış kimi, 27 il əvvəlkitək axır. Çayın ətrafını isə kol-kos basıb.
:640.jpeg)
Yolumuz hələ davam edir. Bartaz qəsəbəsinin girişində Bartaz dayanacağını ötüb keçdik. Dayanacaqdan sonra Bartaz kəndi gəlir. Kənddə demək olar ki, bir neçə evin alayarımçıq divarları qalıb.
Bu mənzərə insanı çox incidir. Uzun illərdir öz yurdlarından didərgin düşən insanların bu yazını oxuyanda, fotolara, videolara baxdıqda keçirəcəyi hisslər məni çox düşündürür.
Zəngilanı sözlə ifadə etmək çox çətindir. Bayaq ötüb keçdiyimiz İkinci Ağalı kəndi ilə üzbəüz dağıdılmış məzarlıq gördüm. O məzarlıqda salamat məzar daşı yox idi. Bu hissləri qələmə almaqda sanki söz də acizdir.

Dağıdılmış, yandırılmış, yerləyeksan edilmiş kəndlərə baxdıqca insanın ürəyi qan ağlayır. Bəlkə də bu kəndlərdə doğulan, böyüyən insanlar belə bu torpaqlarda öz evlərinin yerini tapa bilməyəcək. Amma bütün hallarda bu torpaqlar, quru daşı, uçuq divarları ilə də bizə əzizdir...
Araz çayının sahilində qalan qərib Mincivan...
İrəlidə davam edən yol bizi Mincivan qəsəbəsinə aparır. Digər yaşayış yerlərindən fərqli olaraq burada ermənilər məskunlaşmışdı. Yol boyu bir neçə dağılmış ev gördük. Qəsəbədə daha çox erməni hərbçiləri və yoxsul, acından ölən erməni ailələri yaşayıb. Onlar da kəndi darmadağın ediblər.

Zirvəyə aparan yolda diqqətimizi çəkən isə postlara verilən adlar idi. Zirvəyə çatanda bildik ki, bu yüksəklik, eləcə də yol boyu gördüyümüz postlar Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhid və qazi olan Dövlət Sərhəd Qoşunlarında xidmət edən əsgərlərimizin şərəfinə adlandırılıb.

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçularından baş leytenantla həmsöhbət olduq. O deyir ki, Zəngilan rayonunun Vejnəli kəndinin işğaldan azad olunmasında iştirak edən qəhrəmanlardan biridir.
Onun sözlərinə görə, Vejnəli kəndində ən vacib strateji obyektlərdən biri olan qızıl mədəninin işğaldan azad olunması zamanı qızğın döyüşlər gedib:

“Ermənilər bu əraziləri qətiyyən geri vermək istəmirdilər. Biz və komandamız isə torpaqlarımızı nəyin bahasına olur-olsun, düşməndən azad etməliydik və bunu etdik. Bu döyüşlərdə şəhid olan yoldaşlarımızın şərəfinə uğrunda canlarından keçdikləri postlara onların adını vermişik.
Hazırda 1200 metr yüksəklikdə yerləşən Şükrataz zirvəsindəki bu posta onun azad edilməsində iştirak edən hərbi qulluqçumuzun adı verilib. O, öz hərbi xidmətini davam etdirir. Hər birimiz fəxr edirik ki, torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmişik.

Üçtərəfli bəyanat imzalanana qədər düşmən itirdiyi postları geri almaq üçün cəhd etsə də, buna nail ola bilməmişdi. Düşmən bundan sonra heç vaxt ürək edib, bu postlara qayıda bilməz”.
:640.jpeg)
İstənilən hava şəraitində DSX-nin hərbi qulluqçuları müvafiq postlarda xidmətini davam etdirir.
Döyüşlər onu göstərdi ki, ermənilər güclü Azərbaycan Ordusunun qarşısında dayana bilmədi.
:640.jpeg)
Gün sona çatmaq üzrədir. Artıq möhtəşəm yerlərlə müvəqqəti də olsa, sağollaşmaq zamanıdır. Hər fəsli bir başqa gözəl olan yurdumuz, yenidən görüşmək ümidi ilə...

Onu da deyim ki, Zəngilan rayonun ərazisində yerləşən Vejnəli qızıl yatağı kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataqda 25 sayda qızıl saxlayan kvars damar zonaları var. Vejnəli yatağı 1959-1962-ci illərdə kəşf edilib.

Azərbaycanın bütün torpaqları səfalıdır, altı da, üstü də başqa xəzinədir...Növbəti görüşlərə qədər Qarabağ...
Könül Cəfərli
FOTO: Samir İsayev