ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktorunun müavini, qurumun rəhbəri Keş Patelin mümkün varisi kimi göstərilən Endryu Beyli istefa verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Beyli bazar ertəsi həmkarlarına ailəsi ilə daha çox vaxt keçirmək üçün istefa verdiyini bildirib. İki mənbənin sözlərinə görə, istefa oktyabrın 2-də qüvvəyə minəcək. Daxili kadr qərarı ilə bağlı məsələ olduğundan mənbələr anonimlik şərti ilə danışıblar.
Agentliyin məlumatına görə, Beyli Ağ Evin narazılığına səbəb olan araşdırmalarda iştirak etdiklərinə görə bir sıra FTB əməkdaşlarının işdən çıxarılması fonunda vəzifəsindən gedir.
"Beyli büronun terrorizmlə mübarizə üzrə iki yüksəkvəzifəli rəhbərini başqa vəzifələrə keçirməsindən üç gün sonra istefa verir. Bu dəyişiklik onların Ağ Evin yüksəkvəzifəli müşaviri Stiven Millerin həyat yoldaşı Keti Millerə edilən zənglərlə bağlı araşdırmanı aparma tərzi ilə əlaqələndirilir", - deyə "Bloomberg" vurğulayıb.
Daha əvvəl CNN kanalı Vaşinqtonda iki FTB agentinin Ağ Evin daxili təhlükəsizlik üzrə müşaviri Stiven Millerin həyat yoldaşına edilən zənglərlə bağlı araşdırmadan imtina etdiklərinə görə tutduqları vəzifələrdən azad edildiyini bildirmişdi.
Telekanalın məlumatına görə, antiterror işləri üzrə xüsusi agent Maykl Burqvald və onun müavini Kortland Rey naməlum şəxslər tərəfindən Keti Millerə edilən zənglərin araşdırılmasını zəruri hesab etmədikləri üçün başqa vəzifələrə keçirilib.