Böyük Britaniya Yer səthinin müşahidəsi üçün nəzərdə tutulan ikinci hərbi peyki - "Titania"nı orbitə buraxıb.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, peyk Müdafiə Elmləri və Texnologiyaları Laboratoriyası ilə "BAE Systems" şirkəti arasında tərəfdaşlıq çərçivəsində hazırlanıb.
Böyük Britaniya ilk hərbi peyki olan "Tyche"ni 2024-cü ilin avqustunda orbitə buraxıb. 2027-ci ildə isə "Juno" və "Oberon" peyklərinin orbitə çıxarılması planlaşdırılır.
Bundan əlavə, London "Inaros" layihəsi çərçivəsində kosmik fəzadakı hərəkətləri izləmək üçün üç neyromorfik sensorun sınaqlarını keçirəcək. Sensorların Avstraliya, Böyük Britaniya və Kiprdəki obyektlərdə yerləşdirilməsi nəzərdə tutulur.
Müdafiə Nazirliyinin məlumatına görə, bu sensorlar Britaniya peyklərinin yaxınlığında qeyri-adi və ya təhlükə yarada biləcək fəaliyyətlərin aşkarlanması üçün erkən xəbərdarlıq sistemi kimi istifadə oluna bilər.