Niderlandın iri yanacaqdoldurma məntəqələrində (YDM) bir litr benzinin qiyməti 2.66 avroya yüksələrək ölkə tarixində mütləq rekord səviyyəyə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə nu.nl portalı məlumat yayıb.
Eyni zamanda, magistral yollardan kənarda yerləşən YDM-lərdə qiymətlər nisbətən aşağı səviyyədə qalmaqdadır. Bundan əvvəlki rekord göstərici mayın 6-da qeydə alınmışdı. Həmin vaxt Aİ-95 markalı yanacağın 1 litri 2.64 avro təşkil edirdi. Dizel yanacağının qiyməti isə hazırda bir litr üçün 2.63 avro səviyyəsindədir ki, bu da 8 apreldəki rekord göstəricidən (2.81 avro) aşağıdır.
Məlumata görə, qiymət dəyişiklikləri Yaxın Şərqdəki vəziyyətlə əlaqədardır. May ayındakı kəskin artım ABŞ və İran arasında əldə olunan ilkin razılaşma fonunda qiymətlərin enməsi ilə əvəzlənmişdi. Lakin son günlərdə bu iki ölkə arasındakı gərginlik yenidən artmağa başlayıb. Portal əlavə edir ki, neft ticarəti əməliyyatları ABŞ valyutası ilə həyata keçirildiyi üçün avronun dollara nisbətdə ucuzlaşması da qiymətlərin yüksəlməsinə təkan verir.