Bildiyimiz kimi, iyulun 31-dən avqustun 3-dək Azərbaycanın Qolf Federasiyası və European Challenge Tour-un birgə təşkilatçılığı ilə Qubada yerləşən Milli Qolf Klubunda qolf üzrə ilk Azerbaijan Open Challenge turniri baş tutacaq.
Azərbaycanın Qolf Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yarışla əlaqədar qolf-klub və Qubadakı Rixos otelinin ərazisində tamaşaçılar və onların uşaqları üçün 5 əyləncə günü təşkil olunacaq.
Qolf Federasiyası bütün valideynləri iyulun 30-da öz övladları ilə Qubadakı Milli Qolf Klubunu ziyarət etməyə səsləyir. Həmin gün AQF-in qolfun Azərbaycanda populyarlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olaraq, Milli Qolf Klubunda uşaqlar üçün qolf üzrə pulsuz təlimlər keçiriləcək, qolfun sirləri onlara izah ediləcək.
Ölkə tarixində qolf üzrə ilk Challenge Tour-u izləmək istəyənlər üçün Bakıdan Qubaya xüsusi avtobus marşrutu da nəzərdə tutulub.
Belə ki, 30, 31 iyul və 1, 2, 3 avqust tarixlərində avtobuslar iki istiqamətdə - Bakıdan Qubaya və əksinə hərəkət edəcəklər.
Avtobusların hərəkət marşrutu JW Marriott Absheron otelinin önündən, Hökumət evinin yaxınlığından başlayacaq.