Meksikada ölkənin Ekvador üzərində qələbəsinin qeyd edilməsi mərasimi zamanı izdihamda iki nəfər faciəli şəkildə həlak olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Britaniyanın "The Sun" nəşri yazıb.
"44 yaşlı kişi və 19 yaşlı qız ölkənin Ekvador üzərində qələbəsinin qeyd edilməsi zamanı boğulma nəticəsində ölüblər. Hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb olunublar, lakin onlar zərərçəkənlərə kömək edə bilməyiblər", - deyə nəşr bildirib.
Nəşrin məlumatına görə, insident Koloniya Xuares rayonunda, Müstəqillik Mələyi heykəlinin yaxınlığında baş verib. İzdiham arasında yaranan xaos zamanı bir qrup insan ictimai tualetə sıxışdırılmış vəziyyətdə qalıb. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib və hadisə yerində ürək-ağciyər reanimasiyası edilib, daha sonra xəstəxanaya aparılıb. Lakin onların həyatını xilas etmək mümkün olmayıb.
Faciəli bədbəxt hadisə Meksika millisinin Mexiko şəhərindəki stadionda Ekvador üzərində qələbəsindən cəmi bir neçə dəqiqə sonra baş verib. Bir milyondan çox azarkeş qələbəni qeyd etmək üçün şəhərin bir neçə yerində toplaşıb.