“Alfa Liqanın iştirakçılarıyla tanışlıq” rubrikamızın bu dəfəki qonağı “Timsport” şirkətinin rəhbəri Vasif Əhədovdur.
Oxu.Az xəbər verir ki, Vasif bəy idman sahəsinə (tələbəlik illərində şahmatda I dərəcəyə yiyələnib) yaxın adam olduğundan, onunla söhbətimiz çox maraqlı alındı.
Qısaca onu bildirək ki, müsahibimizin rəhbəri olduğu şirkət 1991-ci ildən fəaliyyət göstərir. 90-cı illərin sonlarından etibarən isə idman malları ilə yanaşı idman və əyləncə sektoru üçün nəzərdə tutulmuş avadanlıqların satışına başlayan şirkət I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunları zamanı Bakıdakı idman obyektlərinin lazımi avadanlıqlarla təchiz olunmasını təmin edib.
– Alfa Liqaya qatılmağınıza əsas səbəb olaraq nəyi göstərə bilərsiniz?
– Təşkilatçıların şəxsən bizimlə görüşərək çempionata dəvət etməsi Alfa Liqaya qatılmaq yönündə müsbət qərar verməyim üçün başlıca məqam oldu. Şəxsən Azərbaycan Minifutbol Federasiyasının baş katibi Azər Hüseynovun bizi çempionatlarına dəvət etmələri layihəyə və iştirakçılara olan ciddi və məsuliyyətli münasibətin göstəricisi idi. Həm də baxdım ki, bu turnirdə Azərsun, PEPSI, Sirab və daha bir neçə şirkət mübarizə aparacaq.
Bu çempionatda iştirak kütləvi xarakter daşıdığından, bizim üçün də Alfa Liqanın iştirakçıları sırasında olmaq maraqlı idi. Alfa Liqada hər kateqoriyadan olan komandalar mübarizə aparır. Bu da çox gözəl kontrast yaradır.
– Komandanın qarşısında qrup səddini keçmək tapşırığı qoymuşdunuz. Uşaqlar tapşırığın öhdəsindən gəlməyi bacardılar. Pley-off mərhələsində qarşılarına yeni məqsəd qoyulubmu?
– Komandanın real gücünü nəzərə alıb qarşımıza bu tapşırığı qoymuşduq. Təbii ki, arzular heç vaxt bitmir, maksimum həddə olur. İştah diş altındadır. Lakin artıq komandanın qarşısına konkret məqsəd qoymamışıq. Artıq uşaqlar özləri qarşılarına maksimum hədəflər qoyub. Açığı, komandanın qarşısında ciddi hədəflər qoyulanda bu amil komandanı təzyiq altında saxlayır ki, bu da əks-təsir verə bilər.
– “Timsport” bir çox turnirlərdə iştirak edib, hətta Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinin təşkilatçısı da olub. Vasif bəy, bugün çıxış etdiyiniz Alfa Liqa digər turnirlərdən nə ilə fərqlənir? Bu liqada çatışmayan məqamlar varmı?
– Gəlin çatışmayan deməyək. “Çatışmayan” sözü özündə neqativ səciyyə daşıyır. Amerikalı yazıçı Ronda Bern “Sirr” əsərində yazırki, bizi neqativ və pozitiv dalğalar əhatə edir. Çalışın həmişə müsbət məqamlardan danışın ki, müsbət dalğaları tutasınız. Əgər indi sizdən soruşsam ki, burda musiqi varmı, deyəcəksiniz ki, yoxdur. Lakin gətirib radionu yandırsam, o zaman musiqini eşidəcəyik. Çünki radio musiqinin dalğasını tutacaq. Deməli, burda hazırda da musiqi var. Ona görə əgər nəyisə biz tuta bilmiriksə, ona yoxdur, çatışmır deməyək.
Onsuz da bu turniri təşkil edənlər bu işi bizdən daha yaxşı bilən mütəxəssislərdir. Ona görə mənim nəsə deməyim artıq olar. İlk böyük turnirdir. Həyatda yüz faiz ideal bir şey yoxdur. Baxın bir stəkana yarıyacan su doldursaq, iki fərqli yanaşma ilə üzləşərik. Biri bu stəkan “yarıyacan boşdur”, digəri isə “yarıyacan doludur” deyər. Bir yanaşma neqativ, digəri isə pozitiv səciyyə daşıyır. Bu gün turnirin təşkilati işlərinə “yarıyacan doludur” deyərdim.
– Fəaliyyət göstərdiyiniz sferada qismən rəqibiniz sayılan “Azfar Group” ilə eyni qrupa düşmüşdünüz. “Azfar Group”un Alfa Liqaya ev sahibliyi etdiyini də nəzər alsaq, məhz onları qrupda geridə qoyub növbəti mərhələyə çıxmağınız həm də turnirin şəffaflığından xəbər verirmi?
– Açığı, “Azfar Group” qrupda bizə rəqib olanda çox məyus olduq. Amma sizə bir söz deyim, bizim “Azfar Group”u geridə qoymağımız turnirlə bağlı ehtimal olunan şübhələrə də son qoydu.
– Növbəti Alfa Liqada “Timsport” komandasını iştirakçılar arasında görə biləcəyikmi?
– Gəlin bu gün gələcək haqda danışmayaq. Bu gün isə komandamız Alfa Liqada çıxışını uğurla davam etdirir. Təbii ki, əgər çempion olsaq, o zaman növbəti mövsümdə Alfa Liqada çempionun iştirakını təmin edə bilərik.
S.M.
www.oxu.az