15-17 sentyabr 2017-ci il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə və təşkilati dəstəyi ilə Kompüter Oyunları Milli Assosiasiyası tərəfindən Kompüter oyunları üzrə gənclər arasında XI Azərbaycan Milli Çempionatının final mərhələsi keçiriləcəkdir.
Gənclər və İdman Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, çempionatda Tekken 7 (1x1), HearthStone (1x1), Counter Strike: Global Offensive (5x5), DOTA 2 (5x5) və World of Tanks (7x7) növləri üzrə fərdi və komanda yarışları təşkil olunacaq.
XI Milli Çempionatın mükafatçıları, cari ilin 8-12 noyabr tarixlərində Koreya Respublikasının Busan şəhərində keçiriləcək IX Dünya Çempionatı və 3-5 noyabr tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində təşkil olunacaq TNA Çağırış Kubokunda iştirak etmək hüququ qazanacaqlar.
Kompüter oyunları üzrə XI Milli çempionatın rayonlar üzrə seçmə mərhələləri ötən ay başa çatıb. Final mərhələsinə Bakı şəhəri, Ağdaş, Astara, Biləsuvar, Daşkəsən, Füzuli, Gəncə, Goranboy, İsmayıllı, Qax, Qusar, Laçın, Mingəçevir, Naftalan, Oğuz, Siyəzən, Sumqayıt, Şəki, Şirvan, Tovuz, Zaqatala və Zərdabı təmsil edən komanda və fərdi iştirakçılar vəsiqə qazanıb. Ümumilikdə seçmə yarışlarında 2 mindən artıq kompüter oyunları həvəskarı iştirak edib.
E.Ə.
www.oxu.az