Hörmətli oxucular!
Bu gündən etibarən Oxu.Az İnformasiya Agentliyi Böyük Britaniyada təhsil almış azərbaycanlı gənclərin Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyi (AUKAA) ilə birlikdə “Uğurun tarixi” adlı yeni layihəyə start verir.
Bildiyimiz kimi, müstəqillik əldə etdikdən sonra Azərbaycanın dünya ölkələri ilə müxtəlif sahədə qarşılıqlı əməkdaşlığı başladı. Bu sahələrdən biri də məhz təhsildir. Belə ki, son illər ərzində minlərlə azərbaycanlı gənc vətənində ali təhsili başa vurduqdan sonra biliklərini daha da zənginləşdirmək üçün xarici ölkələrdəki təhsil müəssisələrinə üz tutub.
Həmin təhsil müəssisələrində əlavə biliklər, ixtisas dərəcələri əldə edən gənclərimiz sonradan geriyə, Vətənə qayıdır və öyrəndiklərini milli iqtisadiyyatımızın, cəmiyyətimizin inkişafı istiqamətində tətbiq edirlər, bu gün ölkənin aparıcı şirkətlərində, dövlət qurumlarında çalışırlar.
Bu baxımdan hesab edirik ki, həmin azərbaycanlı gənclərin həyat təcrübələri, keçdikləri yol, əldə etdikləri nailiyyətlər barədə öyrənmək oxucularımız üçün çox maraqlı olacaq, təhsil, karyera seçimində onları istiqamətləndirəcək.
Beləliklə, bu gündən etibarən Oxu.Az İnformasiya Agentliyi və AUKAA-nın birgə əməkdaşlığı çərçivəsində təhsilini Böyük Britaniyada başa vurmuş, hazırda İctimai Birliyin üzvü olan, bu gün Vətənində, eləcə də xarici ölkələrdə müxtəlif sahədə çalışan şəxslərlə silsilə müsahibələr təqdim edəcəyik.
İlk qonağımız “Azerfon” şirkətinin İdarə Heyətinin üzvü Çingiz Əliyevdir. Çingiz bəylə İngiltərədə aldığı təhsildən, təcrübəsindən və onların tətbiqindən danışdıq. O, müsahibəyə hazırlıqsız gəlsə də, hər bir suala düşünərək cavab verdi. Səmimi ünsiyyət zamanı onun gizli xüsusiyyətlərini də aşkar etdik.
- Çingiz bəy, özünüz haqda danışmaqla aranız necədir?
- Özüm haqqında danışmağı o qədər də xoşlamıram.
- Deməli, işimiz çətin olacaq...
- Xasiyyət etibarilə ünsiyyətə çox açıq insan deyiləm. Lakin çalışacağam ki, bütün suallarınıza ətraflı cavab verim.
- Gəlin təhsilinizdən başlayaq. Nə üzrə təhsil almısınız?
- Bakalavr təhsilimi Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində almışam. Magistr təhsilimi isə Avropa hüququ üzrə Türkiyədə və daha sonra, ikinci dəfə, İngiltərədə, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində, Beynəlxalq biznes hüququ üzrə almışam.
- İngiltərədə hansı universiteti bitirmisiniz?
- London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində təhsil almışam.
- Londondan nə vaxt qayıtmısınız?
- 2009-cu ildə qayıtmışam.
- İngiltərədəki həyat və təhsil haqqında təəssüratlarınız?
- London çox gözəl şəhərdir və xarici tələbələrin həyat və təhsili üçün çox münbit bir şərait təmin edir. Təhsil ilə bağlı xatırladığım ilkin təəssüratım, elə tədris ilinin birinci həftəsinə aiddir. Maraqlı və mübahisə doğuran məhkəmə qərarının auditoriya tərəfindən müxtəlif prizmalardan ətraflı təhlilindən sonra, professordan hansı cavabın düz cavab olduğunu soruşdum. Professorun cavabı təxminən belə oldu: “Bu suala düzgün cavab yoxdur. Hansı cavabı daha yaxşı əsaslandıra bilsəniz, o sizin doğru cavabınız olacaq. Bizim işimiz isə sizin düşünmə, təhlil etmə və məntiqli əsaslandırma bacarıqlarınızı inkişaf etdirməkdir”.
- Çox maraqlıdır. Öyrəndiklərinizi Azərbaycana döndükdən sonra necə tətbiq edirsiniz?
- Gündəlik işimin böyük bir həcmini xarici şirkətlərlə danışıqların aparılması və müxtəlif hüquqi sənədlərin hazırlanması təşkil etdiyinə görə, təhsil zamanı əldə etdiyim biliklərin və bacarıqların nə dərəcədə faydalı olduğunu təsəvvür edə bilərsiniz.
Bundan əlavə, bildiyiniz kimi, Azərbaycanda 2005-ci ildən etibarən İngiltərə (Birləşmiş Krallıq) Məzunları Birliyi – AUKAA fəaliyyət göstərir. AUKAA-nın əsas məqsədləri məzunlar və gələcək tələbələr üçün faydalı şəbəkələşməyə məlumat mübadiləsi platformasını təmin etmək, və əldə edilən təcrübəni gənclərlə bölüşməkdir. 2011-ci ildə AUKAA-nın sədri seçildim və bir il sədr olaraq fəaliyyət göstərdim. Hazırkı AUKAA-nın ictimai fəaliyyətlərdən xüsusilə ölkəmizin müxtəlif bölgələrində təşkil edilən gənclərlə görüşləri qeyd etmək istərdim. Gənclərə əsas tövsiyəmiz bir qayda olaraq məqsədyönlü olmaq və vaxtlarından səmərəli istifadə etmək olur.
- Neçə yaşınız var?
- 30.
- Çingiz bəy, hazırkı iş yerinizdən öncə harda çalışmısınız?
- Uzun müddətdir ki, “Azerfon” şirkətində çalışıram. Bundan öncə isə “AzMeCo” Şirkətlər Qrupunda fəaliyyət göstərmişəm. Bu şirkətlər qrupu neft-qaz sahəsi ilə bağlıdır.
- Sonradan mobil rabitə sahəsinə keçmək çətin olmadı?
- Xeyr. Bu, maraqlı keçiddir. Bilirsiniz, elə sahələr var ki, onların fəaliyyətini gündəlik həyatımızda hiss etmirik, sanki görünməz olur. Amma informasiya və kommunikasiya texnologiyaları sahəsi elə deyil. Kompüter, telefonlar həyatımızın ayrılmaz hissələrinə çevriliblər. Elə bu səbəbdən bu sahəyə keçmək mənə maraqlı oldu. Belə keçiddən heç də təəssüflənmirəm, bu sahə mənim hələ də marağımı cəlb edir. Çünki bu sahə çox dinamikdir, hər gün dəyişir, inkişaf edir.
- Yəqin neft-qaz sahəsindən mobil rabitəyə inteqrasiya etmək üçün üzərinizdə çox çalışmalı olmusunuz...
- Bəli. İş yerimin dəyişməsi ilə öz fərdi iş bacarıqlarımda inkişaf hiss edirəm. Dediyim kimi, bu elə sahədir ki, hər gün baş verən yenilikləri izləmək, qavramaq lazımdır. Bu halda sizin təcrübəniz də, bilik-bacarıqlarınız da artır. Bu yalnız mənə aid deyil, informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan hər kəs hər gün yeni bir şeylər öyrənir. İşimiz rutin iş deyil.
- Rutin iş sizin xarakterinizə uyğun deyil?
- Baxır necə işdir. Əgər bu rutin iş tərzi olan yerdə də mən hədəflərimə doğru gedirəmsə, məqsədlərimə uyğundursa, niyə də yox?!
- Söz ki, məqsədlərinizdən düşdü, sirr deyilsə, onlar haqda danışın...
- Bilirsiniz, məqsədlər zamanla dəyişir, formalaşır. İyirmi yaşlarda bu məqsədlər tam fərqli idi. Siz 20 yaşlı gəncdən soruşsanız ki, həyatda məqsədin nədir? Bir çox gənc, səmimi cavab versə, cavab verəcək ki, həyatdan zövq almaq. Təbii ki, insanlar fərqlidir. Artıq 20 yaşında öz məqsəd və hədəflərini dəqiq müəyyən edənlər də var, və belə gənclərin həyatda uğur əldə etmək ehtimalı daha yüksəkdir.
Demək istəyirəm ki, 30 yaşında insan özünü daha yaxşı tanıyır. Artıq müəyyən edir ki, özü üçün nə istəyir və istəklərinin çoxunu əldə etmiş olur. Sözsüz ki, iş və karyera həyatın mühüm tərkib hissəsidir. Amma həyat ancaq işdən ibarət deyil. Hazırda əsas məqsədim olduğum sahənin bilicisi olmaq, əgər bir sözlə ifadə etsək, işimin ustası olmaq istəyirəm. Yəni məqsədim işimi maksimum yaxşı görən şəxs olmaqdır.
- Maksimalistsiniz?
- Bəli.
- Sizcə, bu, müsbət cəhətdir?
- Bu, müsbət cəhətdir. Amma üstünə çox getsəniz, mənfiyə çevrilə bilər. Harada dayanmalı olduğunuzu başa düşməyi bacarmaq lazımdır. Hesab edirəm ki, işində maksimalist olmayan şəxs üçün, yüksək keyfiyyətli nəticələr əldə etmək bir qədər çətin olmalıdır.
- Hesab etmirsinizmi, bu xüsusiyyət özünütəsdiq üçündür?
- Bəlkə də haqlısınız. Amma bizim sahədə özümü təsdiqlədim, daha rahat ola bilərəm yanaşması düz olmaz. Yəni, yalnız keçmiş uğurlara arxalanaraq peşəkar mütəxəssis stabil iş fəaliyyətin davam edə bilməz. Belə mütəxəssislər özlərini hər gün təsdiqləməlidir və təsdiqləyir.
Çünki böyük nailiyyətləri olan mütəxəssisin bir müddət sonra fəaliyyəti orta səviyyəyə ensə, onun daha iddialı mütəxəssislə əvəzləndirilməsi ehtimalı artar. Bir sözlə sizdən daim üzərinizdə işləmək tələb olunur. Belə bir peşəkar təzyiq var və bu təzyiq kimsə tərəfindən deyil. Siz özünüz özünüzə bu təzyiqi tətbiq edirsiniz ki, nəticə hər zaman yüksək keyfiyyətdə olsun.
- Rəqiblərinizdən stimul alırsınız?
- Sağlam rəqabət təbii ki, stimullaşdırır.
- Söhbətimizin əvvəlində bildirdiniz ki, 20 yaşlı bir gəncin məqsədi həyatdan zövq almaqdır. Bəs 30 yaşında olan insanlar üçün həyatdan zövq almaq əsas deyil?
- Bilirsiniz, zövq almaq üçün vasitələr var. Məsələn sizin məqsədiniz uğur əldə etməkdirsə, elə əldə etdiyiniz uğura baxıb zövq alırsınız.
- Bəs uğursuzluğa necə reaksiya verirsiniz?
- Bu suala hər kəsin cavabı standart olur, deyilir ki, uğursuzluq mənim üçün yaxşı dərs oldu, nəticələr çıxardım və s. Reallıqda isə uğursuzluğa ilk reaksiya məyusluq, bəzən də ruh düşkünlüyü olur. Sadəcə bəzi insanlar bunu gizlədə bilir. Amma uğursuzluq həqiqətən nəticə çıxarmağı bacaranlar üçün böyük dərsdir. Uğursuzluğu olmayan insanların uğuru olmur. Elə insanlar da var ki, uğursuzluqlarını unutmağa çalışır. Mən isə bu tip insanlar kateqoriyasına aid deyiləm. Səhvləri unutmadan, analiz etməyə çalışıram. Belə bir fikir var, insanlar səhv etdikcə öyrənir, amma xoşbəxt insanlar başqalarının səhvlərindən öyrənir.
- Təcrübədə bir də rəhbər olan şəxslərin səhvlərindən nəticə çıxarmaq var...
- Tək rəhbərlərinizin deyil, gündəlik qarşımıza çıxan hər şeydə səhvləri görüb, analiz edə bilərik. Məsələn, kitabda oxuya, filmdə izləyə bilərik və s.
- Kitabdan oxuduğunuz hansısa yanlış həyatınıza nə qədər təsir edə bilər?
- Təsir edə bilir. Müəllif hansısa qəhrəmanın seçdiyi yolda qarşısına çıxan problemləri sizə göstərir və nəticə çıxarırsınız ki, bu seçimi siz də etsəniz bu kimi problemlərlə qarşılaşacaqsınız.
- Hansı istiqamətdə mütaliə etməyi sevirsiniz?
- Mən daha çox psixoloji ədəbiyyat oxumağa üstünlük verirəm. Çünki insanların psixologiyası hər zaman mənə maraqlı olub. İnsanların qərarları verərkən nələr hiss etdiklərini daha yaxşı başa düşmək istəyirəm. Bu həm işdə, həm də gündəlik həyatda önəmlidir.
Əgər siz ətrafınızdakı insanları başa düşməsəniz hər hansı sözünüzlə onları yaralaya bilərsiniz. Bəlkə də bu söz sizin üçün adi ola bilər, amma qarşınızdakı insana çox təsir edər. Misal üçün siz işlədiyiniz komandanın üzvlərini başa düşmürsünüzsə, bu məhsuldarlığınızı aşağı salacaq. Xatırlayıram, Harvard Universitetində rəhbər hüquqşünaslar üçün təşkil olunmuş təlimdə iştirak etmişdim.
Təlimdə bu mövzu ilə bağlı bir maraqlı məsələ müzakirə olunmuşdu. Deməli rəhbər vəzifəyə yeni təyin olunan hüquqşünas işlərin çoxluğundan heç nəyi vaxtında çatdıra bilmir. Bu vəziyyətdən çıxış yolu olaraq tövsiyələr edildi. Maraqlı məqam da odur ki, bu rəhbər komandasının üzvlərini düzgün başa düşmürdü, onların istəklərindən xəbərsiz idi. Tövsiyə olundu ki, komandasındakı hər şəxsə fərdi yanaşsın, onların istəklərini başa düşsün. Bu halda komanda işini sevərək görəcək.
Çünki müasir biznes dünyasında uğuru qazanan komandalardır, fərdlər deyil. Bu misalı da ona görə sizə dedim ki, insan psixologiyasını öyrənmək önəmlidir. Bu işdə də müsbət təsir edir. Lakin deməzdim ki, mən məhz buna görə psixologiya ilə maraqlanıram. Sadəcə bu sahəyə məndə çoxdan xüsusi maraq var idi və hüquqşünas olmasa idim, bəlkə də bu sahədə olardım.
- Çox maraqlıdır, bu iki sahə çox fərqlidir...
- Sizinlə tamamilə razıyam. Amma bəzən bu iki fərqli ixtisasın kəsişdiyi məqamlar olur. Misal üçün, tərəfdaş şirkətlə iri bir layihənin müzakirəsi aparılır. Siz mütləq qarşı tərəfin nə istədiyini bilməlisiniz və düzgün anlamalısınız ki, danışıqları uğurlu nəticə ilə yekunlaşdıra biləsiniz. Elə Harvard Universitetində danışıqlar araşdırmaları üzrə ayrı bir bölüm var və o bölüm hüquq fakültəsi ilə psixologiya fakültəsinin birgə layihəsidir. Çünki danışıqları çox vaxt məhz hüquqşünaslar aparır.
- Çingiz bəy, özünüzdə hansı mənfi cəhətlərin olduğunu hiss etmisiniz?
- Əlbəttə ki, hər bir insanda olduğu kimi mənim də mənfi cəhətlərim var. Məsələn, qarşıma qoyduğum məqsədə çatmaq üçün çox sərt ola bilirəm. Yəni mən bunu istəyirəm, bu hətta başqalarına zərər versə də, belə olmalıdır. Bu haradasa, eqoistliyin göstəricisidir. Hesab edirəm ki, bu kifayət qədər mənfi cəhətdir. Başqa ciddi mənfi cəhətim, işdən kənar tənbəllikdir.
- Bəzən işgüzar həyatda çox aktiv olan insanlar şəxsi həyatda o qədər də aktiv olmurlar. Mən deyərdim ki, bu tənbəllik deyil, yorğunluqla bağlıdır.
- Razıyam. İşgüzar həyatda o qədər enerji sərf edirsən ki, şəxsi həyata enerji qalmır.
Bundan əlavə, bəzən insanlara qarşı kifayət qədər nəzakətli olmuram. Onları anlayıram, amma buna rəğmən nəzakətsizlik etdiyim anlar olur. Bu hal isə bağışlanılmazdır. Amma ümid edirəm ki, bütün bu qeyd etdiklərim özünü o qədər də qabarıq şəkildə büruzə vermir.
- Gəlin təvazökarlığı bir kənara qoyaq və müsbət cəhətlərinizdən də danışaq...
- Mənə bildirirlər ki, hədəflərə və nəticələrə fokuslanmağım müsbət cəhətdir. Məndə məsuliyyət və cavabdehlik hissi də müsbət qiymətləndirilir.
- Hər zaman belə işgüzar geyimdə olursunuz?
- Demək olar ki, həmişə.
- Bu üslubda özünüzü rahat hiss edirsiniz?
- 20 yaşında toy məclisinə qalstuk, pencək geyinmək məni narahat edərdi. Amma artıq alışmışam. Hətta idman üslubunda geyinəndə özümü narahat hiss edirəm ki, axı niyə belə rahatdır?!
- Çingiz bəy, uğurlarınızı kimlərə borclusunuz?
- Valideynlərimə borcluyam. Həyatımda rolları böyük olub, onlardan çox şey öyrənmişəm. Hər zaman, istənilən məsələdə məni dəstəkləyiblər. Buna görə onlara minnətdaram.
- Son sualım: həyat şuarınız varmı?
- Həyatın hər saniyəsinin qədrini bil.
Sədan Bünyadova
Foto: Nüsrət Abdullayev
www.oxu.az