Oxu.Az-ın suallarına AMEA-nın İnsan Haqları üzrə İnstitutunun elmi işçisi, politoloq Moisey Bekker cavab verir
- Avropa, Şimali Afrikadan və Yaxın Şərqdən getdikcə böyüyən miqrasiya axını ilə əlaqədar misli görünməmiş böhran yaşayır. Almaniya Federativ Respublikası və Avropa İttifaqının bəzi ölkələri tərəfindən aparılan “açıq qapı” siyasətini bölüşürsünüzmü? Bu vəziyyət köhnə dünyada İslamafobiyanın artmasına gətirib çıxara bilərmi və Qərbdə aparılan tolerantlıq və multikulturizm siyasətinin perspektivlərinə dair proqnozunuz necədir?
- Ondan başlayaq ki, Macarıstan, Xorvatiya sərhədlərində səddlərin və Slovakiyaya xristian olmayan mühacirlərin buraxılmamasını nəzərə alaraq, bu qapılar o qədər də “açıq” deyil. Həm də elə Almaniyanın özü də Şengen zonasında müvəqqəti sərhəd nəzarətinin tətbiq edilməsinin labüdlüyü fikrinə meyl edir, bu isə Avropa İttifaqının əsas bazasını sarsıdır. Böyük Britaniyada ölkənin Avropa zonasından çıxmasının tərəfdarlarının sayı artır.
Yeri gəlmişkən, bu dövlət cari böhranın həllində iştirak etməyə elə də səy göstərmir, bu dövlət yaxın 4 il müddətində 20 min qaçqını qəbul etməyə dair deklarasiyanın qəbul edilməsi ilə fəaliyyətini məhdudlaşdırır. Fransada Marin Le Penin Milli cəbhəsi qüvvə yığır. Ümumiyyətlə, qitədə sağ milli partiyalar “ikinci nəfəs” yığırlar. Hətta öz üzərində nasizm cinayətinə görə ağır yük və kompleks olan AFR-da belə antimiqrant və antiislam şüarlarının tərəfdarları olan vətəndaşların sayı artır.
Belə ki, əvvəllər “Pegida” hərəkatı kütləvi xarakter almağa başlayıb. Bundan başqa, son hadisələrin təsiri altında bu hərəkat başda Lutts Baxmanın olduğu antimiqrasiya partiyasına çevrilib. Belə ki, Avropa İttifaqında vəziyyət çəhrayı və buludsuz olmaqdan keçib. Yeri gəlmişkən, bəzi sağ partiyalar, qəribədir ki, birinci dalğa miqrantlar tərəfindən dəstəklənir. Onlar artıq Avropa sosiumunun üzvünə çevriliblər, bu üzdən də onlara məxsus mentaliteti olan və yeni həyata alışa bilməyən əvvəlki həmvətənlərini yanlarında görmək istəmirlər.
Kassandra olmaq istəməzdim, amma Avropaya nə qədər çox miqrant gələrsə, onların məskunlaşma və adaptasiyasına o qədər az şans olacaq, bu isə multikulturizm siyasətinin süqutuna gətirib çıxaracaq.
- Avropa İttifaqına yeni miqrasiya dalğası ilə, qitədə vəziyyətin sabitliyinin pozulmasına dair təhdidlər səsləndirən İŞİD fəallarının və digər terrorçuların daxil olması ehtimalı nə dərəcədə yüksəkdir?
- Yüz minlərlə insan içində seçim aparmaq çətindir, həm də giriş zamanı heç kim özünü terroçu kimi təqdim etmir. İŞİD və Əl-Qaidənin yatmış hücrələri özlərini qanuna riayət edən vətəndaş kimi qələmə verərək öz saatlarını gözləyib uzun müddət səssiz qala bilərlər. Bununla əlaqədar Avropa ölkələrinin xüsusi xidmətlərinin iş artacaq və ümid edək ki, onlar öz vəzifələrinin öhdəsindən gələcəklər.
- Hərbi əməliyyatların aparıldığı zonalardan mühacirlərin yeni dalğası Azərbaycana toxuna bilərmi və bununla əlaqədar biz hansı tədbiri görməliyik?
- Azərbaycan zamanında Ermənistandan, Dağlıq Qarabağdan və hərbi əməliyyatlar zonasından yüz minlərlə qaçqın qəbul edib. Amma onlar azərbaycanlılar idilər. Onların yardıma ehtiyacı var idi və ölkə onların rifahı üçün mümkün olan hər şeyi etdi. Avropada məskən tapmağa çalışan mühacirlərə gəldikdə isə, onlar bizə heç cür toxuna bilməzlər, həm də ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində dövlətimiz zamanında Avropa İttifaqı ilə arasında məsafə saxladı, bu isə ittifaqın bir çox səhvlərindən qaçınmağa imkan yaratdı. Azərbaycan qanunları miqrasiyalardan qoruyur, dövlətin sərhədləri etibarlı qorunur, amma bu bizim ayrı-ayrı hallarda ehtiyacı olana dost yardımı göstərməyəcəyimiz anlamına gəlməz.
L.H.
www.oxu.az