Məşhur Hollivud aktyoru Bryus Uillisin ailəsi onun gündəlik qulluğu üçün ayda 30 min dollardan artıq vəsait xərcləyir. Sığorta şirkəti xərclərin böyük hissəsini qarşılamadığı üçün aktyorun müalicəsi və qulluğu şəxsi yığımları hesabına maliyyələşdirilir. Onun sərvətinin təxminən 250 milyon dollar olduğu bildirilir.
Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir ki, aktyorun özünü tənha hiss etməməsi üçün həyat yoldaşı Emma Heminq mütəmadi olaraq yaxınları ilə görüşlər təşkil edir. Bununla belə, Uillisin aktyorluq karyerasını başa vurmasından sonra Hollivuddakı dostlarının onu ziyarət etməyi dayandırdığı bildirilir.
Xəstəlik aktyorun maraqlarına da təsir edib. Hazırda onun ən böyük sevinc mənbələri avtomobillə gəzintilər, dondurma və Nil Daymondun mahnılarıdır. Bildirilir ki, müğənninin musiqisi aktyorun vəziyyətinə müsbət təsir göstərir.
Uillis səhhətindəki problemlərə görə 2022-ci ildə aktyorluq karyerasını başa vurub. Bir il sonra ailəsi ona dəqiq diaqnozun - frontotemporal demensiyanın qoyulduğunu açıqlayıb. Hazırda bu xəstəliyin müalicəsi mövcud deyil.
Ötən il demensiyanın proqressivləşməsi səbəbindən aktyorun ailəsi onu başqa evə köçürmək qərarına gəlib. Uillis hazırda həmin evdə peşəkar baxıcıların gecə-gündüz nəzarəti altındadır.