Məşhur amerikalı müğənni Ledi Qaqanın ötən ay Braziliyanın Rio-de-Janeyro şəhərində verdiyi konsert qadın musiqiçilər arasında ən çox izləyici toplayan solo çıxış kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə rekordlar kitabının rəsmi saytında məlumat verilib.
Bildirilir ki, mayın 3-də məşhur Kopakabana çimərliyində keçirilən ödənişsiz konsertə təxminən 2.5 milyon insan toplaşıb. Bu göstərici Ledi Qaqanın ifasını tarixdə qadın musiqiçi tərəfindən təqdim olunan ən kütləvi solo konsert edir.
Bununla belə, Ginnesin Rekordlar Kitabı qeyd edir ki, ümumilikdə tarixdə ən çox tamaşaçı toplayan konsert hələ də britaniyalı müğənni Rod Styuarta məxsusdur. Onun 1994-cü ildə Rio-de-Janeyroda Yeni il gecəsi etdiyi çıxışa azı 3.5 milyon nəfərin qatıldığı ehtimal olunur.
Ledi Qaqa (Stefani Coann Ancelina Cermanotta) dünya pop musiqisinin ən tanınmış və uğurlu nümayəndələrindən biridir. Onun altı studiya albomu ümumilikdə təxminən 170 milyon nüsxədə satılıb. Bu konsert onun 13 ildən sonra Braziliyadakı ilk çıxışı olub.