Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Avropa Liqasının Bakıdakı muzeyindən - FOTOREPORTAJ
Mayın 29-da UEFA Avropa Liqasının finalı ilk dəfə Bakıda baş tutacaq.
Oxu.Az xəbər verir ki, bu münasibətlə Bakıda bir sıra tədbirlər keçirilir. Bu tədbirlər planına aid olan məsələlərdən biri də Avroliqanın muzeyinin Bakıda açılması idi.
Məhz 22 dekabr – 7 yanvar tarixlərində hər gün saat 15:00-dan 22:00-dək Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin qarşısında həmin obyekt fəaliyyət göstərirdi.
Oxu.Az olaraq son gündə muzeyə gələnlərin sayını müşahidə etmək, həmçinin muzeydə hansı əşyaların sərgidə olduğunu görmək üçün ora yollandıq.
Əvvəla onu qeyd edək ki, muzeyə giriş pulsuzdur. Muzey dekabrın 22-də Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA prezidenti Rövnəq Abdullayev və futbol veteranı İsgəndər Cavadovun qırmızı lenti kəsməsi ilə açıq elan edilib. Bir gün sonra isə muzeydə dünya şöhrətli argentinalı ulduz hücumçu Ernan Krespo UEFA-nın səfiri qismində bura baş çəkib.
Sonrakı günlərdə isə millimizin üzvləri – Təmkin Xəlilzadə, Mahir Mədətov və Mirabdulla Abbasov buranı ziyarət edib, azarkeşlərin onlarla görüşməsinə, avtoqraf almasına şərait yaradılıb. Həmçinin U-10, U-11, U-12, U-13 Liqasında çıxış edən Premyer Liqa klublarının müvafiq yaş qrupu üzrə komandaları, qadınlardan ibarət millinin üzvləri, eləcə də U-13 qızlar liqasının iştirakçıları burda olub. Son gündə fiziki qüsurlu azarkeşlərin də bura səfərinin təşkil edildiyini də vurğulamaq gərəkdir.
Lakin açıq etiraf etsək, əvvəlki günlərdən fərqli olaraq, son gündə muzeyi ziyarət edənlərin sayı o qədər də çox deyildi. Məsələn, Ernan Krespo və milli üzvləri olan günlərdə muzeydə azarkeşlərin sayı indikindən daha çox idi.
Muzeyə yoxlanışdan sonra içəri daxil olursan. Səni böyük bayraqlar, vitrinlərdən asılmış məşhur futbolçuların formaları qarşılayır.
Bayraqlar içərisində Türkiyənin üç böyük nəhəng klubu ilə yanaşı, Avropanın tanınmış komandalarının atrшbutları da var.
Burada karyerasını bitirmiş məşhur futbol veteranları, həmçinin hazırda çıxış edən tanınmış futbolçuların formalarına rast gəlmək olar.
Təbii ki, bunlar həmin formanı daşıyan şəxslərin özləri tərəfindən imzalanıb. Vitrinlərdə təqdimat həm Azərbaycan, həm də ingiliscədir.
Burda həmçinin Avroliqada (həmçinin keçmiş UEFA-da) Azərbaycan üçün tarix yazmış dörd klubumuzun – “Karvan”, “Neftçi”, “Qəbələ” və “Qarabağ”ın formasına rast gəlmək mümkündür. Azərbaycan futbolu üçün statistik rəqəmlər də öz yerində.
Futbol topları daha çox diqqət çəkən eksponatlar arasındadır. Bunlar adi toplar deyil. Məsələn, bu toplar arasında kolumbiyalı Radamel Falkao, portuqaliyalı məşqçi Juze Mourinyu, “Liverpul”, PSJ, “Ayaks”, Dortmund “Borusiya”sı, “Yuventus”, “Atletiko” komandaları tərəfindən imzalanmış Avroliqanın rəsmi topları var. Həmçinin bu 2010-cu ildə Almaniyanın Hamburq şəhərində “Atletiko” və “Fulhem” arasında baş tutmuş finalda oynadılmış top da bu muzeydə öz yerini tutub.
Avroliqada faktlar və rəqəmlər tablosu da maraqla oxunur. Məsələn, istənilən futbol həvəskarı üçün bu turnirdə ən çox qol vurmuş, ən çox qələbə qazanmış komandaların, ən çox qol vurmuş futbolçuların, eləcə də ən çox qol vurulmuş oyunların ilk “üçlüy”ünü bilmək maraqlıdır.
Burda Bakıya gələcək potensial iki komanda adına namizəd 32 klubun loqosu da yapışdırılıb. Həmin komandalar Bakıdakı finaladək hələ uzun yol qət etməlidirlər. İspaniyalı Fernando Toresin (“Atletiko”), fransalı Adil Raminin (“Marsel”) sonuncu finalda, ekvadorlu Antonio Valensiyanın (“Mançester Yunayted”) 2017-ci ilin finalında geyindiyi imzalanmış forma, eləcə də “Mançester Yunayted”in ispaniyalı yarımmüdafiəçisi Ander Ereranın 2016/17 mövsümündə geydiyi buts da maraqla izlənilən eksponatlar arasındadır.
Səbuhi MUSAYEV
Foto: Ramil ZEYNALOV
"AFFA" teqi üzrə xəbərlər
- Fernandu Santuş milli komandadan ayrılır?
- AFFA Fernandu Santuşun millidəki gələcəyi ilə bağlı qərar verəcək
- "Qarabağ" klubunun məşqçisi Rauf Əliyev təhqir və təhdidə görə cəzalandırılıb
- Azarkeşlər "Neftçi" və "Turan Tovuz"u ziyana salıblar
- Hakimləri təhqir edən Azərbaycan klubunun məşqçisinə AĞIR CƏZA