İngiltərə Premyer Liqasının nəhəngi "Çelsi" futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib. Londonlular İtaliyanın "Atalanta" klubunun gənc müdafiəçisi Marko Palestranı transfer edib.
Oxu.Az-ın London klubunun rəsmi saytına istinadən yaydığı məlumata görə, tərəflər arasında 2033-cü ilə qədər müqavilə imzalanıb.
Ötən mövsüm İtaliya A Seriyasında parlaq çıxışı ilə diqqət çəkən və "ilin müdafiəçisi" adına layiq görülən 21 yaşlı istedadlı futbolçu tezliklə yeni komandasının düşərgəsinə qatılacaq.
Qeyd edək ki, Marko Palestra 2025/2026 mövsümündə icarə əsasında İtaliyanın "Kalyari" klubunun şərəfini qoruyub. O, çıxış etdiyi İtaliya çempionatında ümumilikdə 37 qarşılaşmada meydana çıxıb. Uğurlu performansı ilə diqqət mərkəzində olan gənc oyunçu cari ildə İtaliya milli komandasında da debüt edərək, yığmanın heyətində 2 matçda forma geyib.