Məşhur ABŞ-li müğənni və aktrisa Britni Spirs avtomobilin sükanı arxasında sərxoş halda saxlanıldıqdan sonra reabilitasiya mərkəzinə yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" nəşri müğənninin nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Spirs aprelin 12-də könüllü olaraq reabilitasiya mərkəzinə müalicə üçün müraciət edib.
Martın 4-də Kaliforniya ştatının yol polisi əməkdaşları onu sərxoş halda avtomobil idarə etməsinə görə saxlayıblar. Hüquq-mühafizə orqanları müğənnini ertəsi gün azad ediblər, lakin mayın 4-də o, törətdiyi qanun pozuntusuna görə hakim qarşısına çıxmalıdır.
2008-ci ildə ifaçı narkotik maddələrlə bağlı problemlərinə və psixi sağlamlığı ilə əlaqədar narahatlıqlara görə qismən fəaliyyət qabiliyyətini itirmiş hesab edilərək məcburi qəyyumluğa verilmişdi. 2021-ci il noyabrın 13-də ABŞ məhkəməsi qəyyumluğun ləğvi barədə qərar çıxarmışdı.