Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ceyhun Bayramovun BƏM-in qərarı ilə bağlı məktubu BMT sənədi kimi yayılıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Ədalət Məhkəməsinin “Ermənistan Azərbaycana qarşı” məhkəmə işində Ermənistan tərəfindən irəli sürülmüş tələbin rədd olunması ilə bağlı 6 iyul tarixli qərarı ilə əlaqədar 21 iyul 2023-cü il tarixində BMT baş katibinə ünvanlandığı məktubu BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, məktubda Ermənistanın tələbinin rədd olunması ilə bağlı yekdilliklə qəbul olunmuş bu qərarın bir daha Azərbaycanın öz ərazisində sərhəd-keçid məntəqəsi təsis etməsinin onun suveren hüququ olduğunu təsdiqlədiyi diqqətə çatdırılıb. Ermənistanın Laçın yolundan hərbi məqsədlər, ölkəmizin təbii ehtiyatlarının daşınması, o cümlədən mina təhdidini davam etdirmək üçün sui-istifadəsinin qarşısını almaq məqsədilə 23 aprel 2023-cü il tarixində Azərbaycanın “Laçın” sərhəd-buraxılış məntəqəsini təsis etdiyi qeyd olunub. 15 iyun 2023-cü il tarixində Ermənistan tərəfindən törədilmiş təxribata qədər bu sərhəd-keçid məntəqəsi vasitəsilə 2 000-dən artıq erməniəsilli sakinin təhlükəsiz, şəffaf keçidinin təmin olunduğu bildirilib.
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra bu təxribatın səbəblərinin araşdırılması, sərhəd-buraxılış məntəqəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin görülməsinin Ermənistan tərəfindən “blokada” kimi qiymətləndirilməsinin əsassız olduğu diqqətə çatdırılıb.
Azərbaycanın sərhəd-keçid məntəqəsindən buraxılışla tənzimlənməsi istiqamətində göstərdiyi səylərə baxmayaraq, Ermənistan tərəfindən eyni təxribatın yenidən törədilməyəcəyi ilə bağlı zəmanət verilmədiyindən, hazırda Laçın yolundan yalnız Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə tibbi məqsədlər üçün istifadə olunduğu bildirilib.
Lakin erməniəsilli sakinlərin daha çox məhsulla təchiz olunması üçün Azərbaycan tərəfindən Ağdam-Xankəndi yolundan istifadənin təklif edildiyi, Ermənistan tərəfindən isə bu təklifə etiraz olunduğu məktubda diqqətə çatdırılıb.
Laçın yolundan istifadəyə məhdudiyyət törədən, habelə Ağdam-Xankəndi yolu ilə erməni sakinlərin tələbatlarının ödənilməsi təklifinə etiraz edən tərəfin Ermənistan olmasına baxmayaraq, Ermənistanın “Azərbaycan tərəfindən erməni sakinlərin blokadaya alınması” istiqamətində cəfəng iddialarla beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə davam etdiyi qeyd olunub.
Məktubun sonunda Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə sadiq olduğu, bu xüsusda, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın da dayanıqlı sülhün əldə edilməsi səylərində konstruktiv yanaşma nümayiş etdirməyə çağırılmasının vacibliyi vurğulanıb.
Məktubun tam mətni ilə keçid vasitəsilə tanış olmaq mümkündür: https://documents-dds-ny.un.org/doc/UNDOC/GEN/N23/215/45/pdf/N2321545.pdf?OpenElement
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb