Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Koronavirusla bağlı yalan məlumatlar yayanlar həbs edildi - RƏSMİ
Koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, konkret olaraq kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb, restoran və kafelərdə iş rejimi saat 15:00-dək müəyyən edilib.
Tətbiq olunan məhdudiyyətlər vətəndaşlar tərəfindən bütövlükdə anlayışla qarşılanır, dövlətin həyata keçirdiyi tədbirlər dəstəklənir.
Lakin respublikanın bəzi şəhər və rayonlarında ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 15.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilmiş nəzarət tədbirləri ilə müəyyən edilmiş konkret vaxtdan sonra fəaliyyətini dayandırmayan respublika üzrə 411, o cümlədən Bakı şəhərində 154 obyekt müəyyən edilib. Göstərilən səbəbdən 347 obyekt sahibinə xəbərdarlıq olunmuş, 71 obyekt sahibi barəsində inzibati cərimə tətbiq edilib.
Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar əhali arasında dezinformasiya xarakterli məlumatlar yaydığına görə üç nəfər inzibati qaydada həbs olunub.
Xatırladaq ki, respublikanın şəhər və rayonalarında qeydiyyatda olan nəqliyyat vasitələrinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının dayandırılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarının icrası çərçivəsində Bakı-Qazax avtomobil yolunun 65-ci, Bakı-Şamaxı avtomobil yolunun 26-cı və Bakı-Quba avtomobil yolunun 45-ci kilometrliklərində sutkalıq fəaliyyət göstərən üç xüsusi polis postu yaradılıb.
Bugünədək müəyyən edilmiş məhdudiyyəti pozmaqla, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna daxil olmaq istəyən 4 000 avtomobil geri qaytarılıb.
Qeyd olunmalıdır ki, həyata keçirilən bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də bir daha Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət olunmasını, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılanmasını xahiş edirik.
Rəylər