Konqo Demokratik Respublikasının (KDR) rəsmiləri Ebola virusuna yoluxaraq həyatını itirən şəxslərin sayının 864-ə yüksəldiyini bildiriblər.
Bu barədə Oxu.Az EFE agentliyinə istinadən xəbər verir.
Rəsmi mənbələrin açıqlamasına əsasən, bu günə qədər 2 181 nəfərdə infeksiya aşkarlanıb. Onlardan 722-si stasionar müalicəyə cəlb olunub, 412 pasiyent isə xəstəliyə qalib gəlib. Hazırkı dövrdə virusdan ölüm göstəricisi 39.6 faizə bərabərdir.
Hazırda epidemiya Konqonun şərqindəki İturi (epidemiyanın episentri), Şimali və Cənubi Kivu, Yuxarı Uele, həmçinin Çopo əyalətlərini əhatə edib.
Konqo hökümətinin yaydığı bəyanatda vurğulanır:
"Çevik reaksiya qrupları infeksiyanın daha da yayılmasını əngəlləmək məqsədilə epidemioloji nəzarət, vaxtında diaqnoz qoyulması, xəstələrə tibbi xidmət və yoluxanlarla təmasda olanların axtarışı tədbirlərini gücləndirir".
Qeydə alınan virusa yoluxma sayına görə İturi əyaləti hələ də birinci sıradadır.
Epidemiyanın əvvəllər yayıldığı qonşu Uqandada cümə axşamı son Ebola xəstəsi evə buraxılıb. Ümumilikdə bu ölkədə 20 təsdiqlənmiş hal qeydə alınıb, iki xəstə ölüb.
Xatırladaq ki, ebola epidemiyasının yayılması rəsmi olaraq mayın 15-də Uqanda və Cənubi Sudanla həmsərhəd olan Konqonun İturi əyalətində elan edilib. Daha sonra o, digər Konqo əyalətlərinə, həmçinin Uqandaya yayılıb.