Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Anar Hüseynov: “ASAN” korrupsiyaya qarşı effektiv mübarizə vasitəsidir
Oxu.Az “ASAN xidmət”in mətbuat katibi Anar Hüseynovla müsahibəni təqdim edir:
– “ASAN xidmət”in beş yaşı tamam olur. Bu müddət ərzində əldə olunan nailiyyətlər və gələcək planlar barədə danışardınız...
– Bildiyiniz kimi, “ASAN xidmət” mərkəzi Azərbaycanın dövlət başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılıb. Bu mərkəzlərin yaradılmasında məqsəd vətəndaşların dövlət xidmətlərinin göstərilməsinə olan tələbatını ödəmək, həmçinin korrupsiyaya qarşı mübarizə və dövlət orqanlarında şəffaflığın artırılmasıdır.
29 dekabr 2012-ci ildə Bakıda ilk “ASAN xidmət” mərkəzinin rəsmi açılış mərasimi baş tutub. Həmin müddət mərkəz pilot layihə olaraq yalnız paytaxtın üç rayonu – Nərimanov, Binəqədi və Nəsimi rayonlarının sakinlərinə xidmətində olub. 15 yanvar 2013-cü ildən başlayaraq bütün əhaliyə xidmət göstərilir. Növbəti aylar və illərdə həm Bakı, həm də bölgələrdə digər “ASAN” mərkəzləri açılıb və hal-hazırda 12 mərkəz fəaliyyət göstərir. Onlardan beşi Bakıda, qalanları yeddi müxtəlif bölgədə – Sumqayıt, Sabirabad, Bərdə, Gəncə, Masallı, Qəbələ və son mərkəzin açıldığı Quba rayonlarında yerləşir.
Qeyd etmək istərdim ki, beş illik fəaliyyəti ərzində “ASAN” mərkəzlərində 20 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb, yəni eyni bir vətəndaş müxtəlif xidmətlərin göstərilməsi üçün bir neçə dəfə “ASAN” mərkəzinə müraciət edib.
“ASAN” mərkəzlərinin hələ açılmadığı bölgələrdə dövlət başçısının sərəncamı ilə səyyar xidmətlərin göstərilməsi haqqında layihə işə salınıb, bütün lazımi avadanlıqlarla təchiz olunmuş avtobuslar bölgələrə göndərilir və vətəndaşlara yerində xidmət göstərilir. İlk iki “ASAN” avtobusu 1 iyun 2013-cü ildə istismara verilib. Növbəti illərdə dövlət başçısının göstərişi ilə belə avtobusların sayı 10-a çatdırılıb.
Ötən il bu qəbildən olan başqa bir layihə də iş salınıb – “ASAN” qatar. “ASAN” avtobusları ilə eyni funksiyaları yerinə yetirir, qatar bölgələrə gedərək, müxtəlif kənd və qəsəbələrdə vətəndaşlara xidmət göstərir.
2015-ci ildə Azərbaycanın “ASAN xidmət” brendi BMT-nin ən yüksək mükafatına layiq görülərək, “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyası üzrə birinci yeri tutub. Bu, təşkilatlar üçün beynəlxalq müstəvidə tanınan ən ali mükafat hesab olunur.
Aktiv olaraq müxtəlif beynəlxalq təşkilat və strukturlarla işlər aparırıq. Hökumətlər bu təcrübəni öz ölkələrində tətbiq etməkdə maraqlıdır. Məsələn, Əfqanıstanda artıq “ASAN xidmət”ə bənzəyən qurum yaradılıb. Bu qurum ölkə vətəndaşlarına oxşar xidmətlər göstərəcək. İndoneziya, Fransa, İtaliya və “ASAN xidmət” təcrübəsi ilə maraqlanan digər dövlətlərlə əməkdaşlıq haqqında müqavilələr bağlanıb.
Bundan əlavə, kommunal sahədə əhaliyə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, innovasiyaların tətbiqilə “ASAN xidmət” təcrübəsinin digər xidmət sahələrində daha keyfiyyətli və daha rahat tətbiqini, bu sahədə vətəndaşların məmnuniyyətini təmin etmək məqsədilə “ASAN kommunal” mərkəzləri yaradılıb. Bu mərkəzlərdə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən əhaliyə kommunal xidmətlər göstərilir. Mərkəzlərdə ümumilikdə 45-ə yaxın xidmət növü var. Hal-hazırda Bakıda iki “ASAN kommunal” mərkəzi fəaliyyət göstərir.
Eyni zamanda, 2016-cı ildə vətəndaşların Azərbaycanın sosial-iqtisadi inkişafında fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına kömək məqsədilə dövlət başçısının fərmanı ilə sosial təmayüllü layihələri həyata keçirən “ABAD” mərkəzləri yaradılıb. İlk belə mərkəz Masallı rayonunda fəaliyyətə başlayıb, daha sonra Balakəndə və Qubada açılıb. “ABAD”-ın əsas hədəfi azərbaycanlı fermer və əl işləri hazırlayan sənətkarlara müasir standart və tələblərə cavab verən, ölkə xaricinə, dünya bazarlarına çıxma potensialı olan məhsulların hazırlanmasında kömək göstərməkdir.
Hal-hazırda “ABAD” ətrafında 180-nə yaxın ailə birləşib. “ABAD”çıların sayının belə sürətlə artması azərbaycanlı fermerlərin və dekorativ tətbiqi incəsənət ustalarının “ABAD”la əməkdaşlıqda maraqlı olduğunu göstərir.
Xidmətlərin sadələşdirilməsi, standartlaşdırılması və daha rahat şəkildə vətəndaşlara çatdırılması Dövlət Agentliyinin funksiyalarından biridir. Amma bu, o demək deyil ki, Dövlət Agentliyinin işi yalnız “ASAN xidmət” mərkəzlərinin idarə edilməsindən ibarətdir. İşimizin bir hissəsi də innovasiyaların tətbiq edilməsi və dövlət xidmətlərinin elektronlaşması, rəqəmsal mühitə keçidin sürətləndirilməsidir. Bu da mövcud prosesləri daha yüksək səviyyəyə qaldırır, daha yeni dəyərlər yaradır. Hazırda “ASAN Visa” sistemindəki yeniliklər üzərində çalışırıq. Doğum evlərində körpələrə Fərdi İdentifikasiya Nömrələrinin (FİN) verilməsi sistemi qurulub. “İdeya Bankı” layihəmiz hər il daha da təkmilləşərək davam edir. Könüllülərə dəstək veririk. Sistemlərdə inkişaf işi davam etdirilir. Dövlət Agentliyi bu ildən etibarən bütün dövlət orqanlarının xidmətlərini qiymətləndirməyə başlayacaq. Yeni konsepsiyalar hazırlanır, yeni avadanlığın qoşulması işi də davam etdirilir.
“ASAN ödəniş” və “ASAN viza” elektron viza sistemini də qeyd etmək yerinə düşər. “ASAN viza” sisteminin köməyilə xaricilər və vətəndaşlığı olmayan şəxslər üç gün və ya üç saat ərzində elektron viza əldə edə bilir.
Əvvəllər sayt yalnız üç dildə – Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərirdisə, hal-hazırda saytın fars, ərəb, fransız və ispan dilində versiyaları əlavə olunub. Bu ildən etibarən Dövlət Agentliyi dövlət orqanlarının göstərdiyi xidmətlərin qiymətləndirilməsinə başlayacaq. Yeni konsepsiyalar hazırlanır, yeni avadanlıqların qoşulması prosesi davam etdirilir.
– Elektron viza üçün hansı dövlətlərin vətəndaşları müraciət edə bilər?
– Azərbaycan Xarici İşlər Nazirliyinin tanıdığı 94 ölkənin vətəndaşları. Bu ölkələrin siyahısını “ASAN viza” saytında tapmaq olar.
– Bundan sonra “ASAN” mərkəzlərinin harada açılması planlaşdırılır?
– Bir neçə gün əvvəl Nazirlər Kabinetinin iclasında dövlət başçısı 2018-ci ildə daha üç “ASAN” mərkəzinin Mingəçevir, İmişli və Şəki rayonlarında istismara verilməsi ilə bağlı tapşırıq verib. 2020-ci ilə kimi Kürdəmir, Ağcabədi, Şamaxı, Tovuz və Cəlilabad rayonlarında daha beş mərkəzin təhvil verilməsi nəzərdə tutulub. Beləcə, 2020-ci ildə “ASAN xidmət” mərkəzlərinin sayı 20-yə çatacaq.
– “ASAN xidmət”ə hansı xidmətlərin əlavə olunması gözlənilir? Məsələn, hazırda “ASAN” mərkəzləri əhali üçün vacib olan bir sıra xidmətlər – sürücülük vəsiqələrinin, avtomobillərin qeydiyyat şəhadətnamələrinin, daşınmaz əmlak reyestrindən çıxarışların verilməsi ilə məşğul olmur.
– İndiki mərhələdə “ASAN” mərkəzlərində 10 dövlət orqanı, həmçinin şəxsi müəssisə və şirkətlər tərəfindən xidmətlər göstərilir. Mərkəzlərdə göstərilən xidmətlərin siyahısı dövlət başçısının fərmanı əsasında tərtib olunur. Hər hansı yeni xidmətlərin göstərilməsi haqqında fərman verilsə, biz həmin fərmanda yazılanları icra etməyə borcluyuq.
– Sizin göstərdiyiniz xidmətlər digər qurumlarda da var. Vətəndaşlar niyə məhz “ASAN”-ı seçməlidir?
– “ASAN xidmət” mərkəzlərinə gündəlik olaraq iki min vətəndaş müraciəti daxil olur, bu, o deməkdir ki, gün ərzində 12 mərkəzə təxminən 25 min insan müraciət edir. Axının çox böyük olduğunu nəzərə alaraq, özəl şirkətlər də xidmətlərin göstərilməsinə cəlb olunub ki, bu da onlara “ASAN” mərkəzlərinin potensial imkanları hesabına inkişaf etmək imkanı yaradır. Vahid məkan prinsipinə görə, bu gün vətəndaşların şəhərin müxtəlif nöqtələrində yerləşən müxtəlif instansiyalara – o cümlədən notariat kontorlarına, tərcümə mərkəzlərinə, sığorta agentliklərinə müraciət etməsi nə artıq lüzum qalmayıb. Bütün lazımi xidmətlərdən bir məkanda – “ASAN” mərkəzlərində yararlanmaq olar.
– Notariuslardan söz düşmüşkən... Son zamanlar analoji xidmətlərin göstərilməsi üçün “ASAN”-da uzun növbələrdə gözləməkdənsə, adi notariat kontorlarına müraciət etmək daha rahat olub. Bu problem həllini tapacaqmı? Həmçinin bir çoxları qiymətlərin yüksək olmasından şikayətlənir...
– Qiymətlərlə bağlı onu deyə bilərəm ki, “ASAN” dövlət rüsumlarını özü müəyyən etmir. Tariflər müvafiq normativ-hüquqi aktlar əsasında təsbit olunub və biz xidmətlərin göstərilməsinə görə hər hansı əlavə ödəniş qəbul etmirik. Bəziləri bütün xidmətləri bir məkana topladığımızı görüb, qiymətləri süni şəkildə artırdığımızı düşünə bilər, ancaq bu, əsla belə deyil.
Növbələrə gəlincə, həqiqətən, bəzən böyük insan axını olanda kiçik növbələr yaranır. Ancaq biz bir bu problemin həlli ilə məşğul oluruq – əlavə pəncərələr açılır, yeni personal işə cəlb olunur. Notarial xidmətləri Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən göstərilir. Bunun gördüyümüz işlərin operativliyinə mənfi təsir göstərməməsi və vətəndaşların tələbatını ödəməsi üçün Ədliyyə Nazirliyi ilə bu problemi yoluna qoymağa çalışırıq.
– “ASAN” mərkəzlərinin yaradılması bir çox bürokratik əngəlləri aradan qaldırmış oldu. Necə düşünürsünüz, dövlət strukturlarında bürokratiya tam aradan qaldırılsa, “ASAN xidmət”lərə olan tələbat indiki kimi yüksək olacaqmı?
– Qeyd etdiyim kimi, “ASAN xidmət” mərkəzlərinin yaradılmasında başlıca məqsəd artıq xərclərin və vaxt itkisinin qarşısını almaq, xidmətlərin göstərilməsində şəffaflığı təmin etmək, korrupsiya faktlarını aradan qaldırmaq, müasir texnologiyaların tətbiqi, elektron sistemə keçid prosesinin sürətləndirilməsidir.
“ASAN” mərkəzlərində bütün xidmətlər bir yerə toplanıb. Qurumun unikallığı elə bundadır. “ASAN” mərkəzini “Mall”larla müqayisə etmək olar. Orada geyimdən tutmuş ev əşyalarına kimi hər şey almaq olar, restoranda nahar etmək, kinoya baxmaq, boulinq oynamaq, evə ərzaq almaq olar. Ona görə hesab edirəm ki, istənilən halda vətəndaşlara “ASAN xidmət” mərkəzlərinə müraciət etmək daha rahat olacaq (gülümsəyir).
– Sizcə, “ASAN”-a bənzər xidmətlər daha çox korrupsiya səviyyəsinin yüksək olduğu ölkələrdə populyarlaşır?
– Xeyr, belə deməzdim. Bir çox Avropa ölkələrində “ASAN”-a bənzər strukturlar var: orada oxşar xidmətlər bələdiyyələr tərəfindən və ya özəl sektor tərəfindən göstərilir. Amma “ASAN” öz unikallığı ilə seçilir: həm dövlət, həm də özəl sektorları vahid məkanda birləşdirir. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi, “ASAN xidmət” həm yenilik, həm rahatlıq gətirib, eləcə də, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə çox ciddi dönüş yaradıb. “ASAN xidmət” korrupsiyaya qarşı mübarizədə effektiv vasitə olduğunu isbat edib, bu nəticə bir çox beynəlxalq təşkilatların hesabatlarında qeydə alınıb. Ekspertlər korrupsiyanın aradan qaldırılması planında bizim təcrübəni nümunə göstərir.
– “ASAN xidmət” mərkəzləri həm də onlayn xidmətlər göstərir. Elektron xidmətlərin genişləndirilməsi, gələcəkdə şəxsiyyət vəsiqəsi və ya nikah haqqında şəhadətnamənin verilməsi üçün onlayn müraciət mümkündürmü?
– Bəli, onlayn xidmətlər “ASAN” mərkəzlərin əsas faəliyyət istiqamətlərindən hesab olunur. Məsələn, “ASAN” ödəniş sistemi ilə siz cərimələri ödəyə bilirsiniz. “ASAN viza” barədə bir qədər əvvəl danışdım, ötən ilin sonunda elektron lisenziyaların verilişi sistemi işə salınıb. Cari ilin əsas yeniliklərindən biri “ASAN viza 2.0” sisteminin yaradılması üzrə işlərin başlanılması olacaq. Bu sistem vasitəsilə elektron müraciətlər əsasında Azərbaycan vətəndaşlarına xarici ölkələrə səyahət üçün vizalar veriləcək. Hal-hazırda sistemin yaradılması istiqamətinə işlər aparılır. “ASAN” mərkəzlərində yeni xidmətlərin göstərilməsi üçün əlavə şöbələr yaradılacaq. Ölkədəki səfirliklərin akkreditasiya olunan bölmələri sistemə qoşulacaq. Yeni şöbə bütün mərkəzlərdə vətəndaşların viza ilə bağlı müraciətlərini qəbul edəcək. Nazirliklərin elektron xidmətlərdən istifadəsi hesabına, vətəndaşların viza əldə etmə prosesi əhəmiyyətli dərəcədə sadələşəcək. Bundan sonra vətəndaşların özləri ilə bir yığın sənəd götürməsinə ehtiyac qalmayacaq, elektron sənədlər aidiyyəti strukturun sistemindən seçilib çıxarılacaq. “ASAN” xidmət mərkəzlərinin fəaliyyət göstərdiyi rayonlarda yaşayan sakinlərin artıq viza rəsmiləşdirmək, sənədləri toplamaq üçün Bakıya gəlməsinə, növbələrdə gözləməsinə lüzum qalmayacaq. Vətəndaşlar səfirliyə yalnız vizanı almağa gedəcək. Artıq pilot səfirliklərin seçiminə başlamışıq. Hələlik Mərakeş səfirliyi seçilib. Litva və BƏƏ səfirlikləri ilə danışıqlar aparılır. Dövlət agentliyində müvafiq strukturları olan İşçi qrup yaradılıb.
Elvin Əhmədov
Aliyə İsmayılzadə
www.oxu.az
"Ağcabədi" teqi üzrə xəbərlər
- Ağcabədidə qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar
- Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb
- Ağcabədidə dəm qazından boğulma: Bir nəfər öldü, digəri xəstəxanalıq oldu
- Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb
- Ağcabədidə yük maşını sexə çırpıldı
Rəylər