Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Milli Məclis Ermənistanın manipulyasiya cəhdləri ilə bağlı xarici ölkə parlamentlərinə müraciət ünvanlayıb
Avqustun 15-də Milli Məclisin sədri Sahibə Qafarova, Milli Məclisin xarici ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi hissəsində Ermənistan tərəfindən beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq məqsədi güdən cəhdlərlə əlaqədar beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.
Bu barədə Milli Məclisin Mətbuat Xidməti məlumat yayıb.
Müraciətdə Azərbaycanın beynəlxalq humanitar hüquqa və insan hüquqları üzrə normalara sadiq olduğu bir daha vurğulanır, Ermənistanın “blokada” və ya “humanitar böhranlar”la bağlı səsləndirdiyi əsassız iddialar qəti şəkildə rədd edilir, bunun Ermənistanın Azərbaycana qarşı apardığı geniş təbliğat kampaniyasının bariz təzahürü olduğu diqqətə çatdırılır.
Bildirilir ki, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir, orada yaşayan etnik ermənilər isə Azərbaycan sakinləridir. Bu regionun “Dağlıq Qarabağ” adlandırılması Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, milli qanunvericiliyinə və coğrafi adların istifadəsi ilə bağlı BMT-nin normativ bazasına ziddir.
Azərbaycanın suveren ərazisində yerləşən, eksterritorial statusu olmayan “Laçın dəhlizi” adlanan yola gəlincə, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla bağlı öhdəliklərinə sadiq qalaraq, bu yol boyunca hərəkətə icazə verib. Lakin Ermənistan yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu marşrutdan Azərbaycan ərazisində qanunsuz olaraq mövcud olan 10 000-ə yaxın silahlı qrupun rotasiyası, oraya silah, döyüş sursatı və minaların gətirilməsi, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və ixracı kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq şəkildə sui-istifadə edib.
Müraciətin mətnində deyilir ki, 23 aprel 2023-cü il tarixində Azərbaycan öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün legitim hüququnu həyata keçirərək, Ermənistan-Azərbaycan dövlət sərhədində Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi qurmuşdur ki, buna da bu yoldan yuxarıda qeyd olunduğu kimi Ermənistan tərəfindən geniş şəkildə sui-istifadə edilməsi səbəb olmuşdur.
Ermənistan Azərbaycan ərazisindən tam şəkildə çıxarılmamış silahlı qüvvələrini təmin etmək və saxlamaq, eləcə də Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni yolla çıxarmaq üçün vasitələrdən məhrum olmaq reallığı ilə barışa bilməyib, manipulyasiya və beynəlxalq ictimaiyyəti çaşdırmaq kampaniyasına başlayıb.
Xüsusilə qeyd olunur ki, Ermənistanın Azərbaycanın “Laçın” sərhəd keçid məntəqəsini qanunsuz kimi qələmə vermək cəhdlərinin əksinə olaraq, Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) 6 iyul 2023-cü il tarixli Qərarı ilə Azərbaycanın şəxsi heyətinin Laçın yolundan çıxarılması ilə bağlı Ermənistanın müraciətini yekdilliklə və qəti şəkildə rədd etmişdir. Bununla da, Məhkəmə Ermənistanın sərhəd-keçid məntəqəsinin qanunsuz olması və onun Laçın yolunun hərəkətinə mane olması ilə bağlı sayıqlamalarını rədd edib.
Müraciətdə bildirilir ki, sərhəd keçid məntəqəsi yaradıldıqdan sonra Azərbaycanın Qarabağ regionundan Ermənistana mülki əhalinin hərəkəti xeyli artmış, cari ilin iyun ayının 15-dək bu məntəqədən 2000-dən çox şəxs keçmişdir. Həmin gün Ermənistan silahlı qüvvələri Azərbaycan sərhədçilərinə və Rusiya sülhməramlı qüvvələrinə basqın etmiş, nəticədə Azərbaycan sərhədçisi ağır xəsarət almışdır. Bu hücum təkcə Azərbaycan sərhədçilərinə qarşı yönəlməyib, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarına və nəzarət-buraxılış məntəqəsindən keçən mülki şəxslərə birbaşa təhlükə yaradıb. Bu silahlı təxribat BQXK-nın Qarabağ regionundan Ermənistana tibbi məqsədlərlə gedən bir qrup Ermənistan sakinini müşayiət etdiyi bir vaxtda baş verib, hücumun məqsədi Laçındakı yolun və sərhəd keçid məntəqəsinin uğurlu fəaliyyətini pozmaq olub.
Ermənistan Azərbaycanın Laçın yolunu qəsdən bağladığı barədə yalan iddiaya əl ataraq, gələcəkdə analoji xarakterli insidentlərin törədilməyəcəyinə zəmanət verməkdən imtina edir, bununla da, faktiki olaraq sərhəd keçid məntəqəsinin işinin tam bərpa olunmasına mane olur.
Müraciətdə vurğulanır ki, Azərbaycan öz növbəsində dəfələrlə Ermənistanı sərhəd və gömrük qurumları vasitəsilə fiziki şəxslərin, yüklərin və xidmətlərin maneəsiz və təhlükəsiz transsərhəd daşınmasını təşviq etmək üçün əməkdaşlığa çağırsa da, bu çağırışlar bu günədək Ermənistan tərəfindən cavabsız qalmaqdadır.
Ermənistanın Azərbaycandakı qeyri-qanuni silahlı qruplaşmalarını təchiz etmək məqsədilə ikili təyinatlı bəzi malları qaçaqmalçılıq yolu ilə keçirmək üçün BQXK-nın konvoylarından istifadə etmək inadkarlığına və ehtiyatsız cəhdlərinə baxmayaraq, Azərbaycan təcili tibbi yardım məqsədilə yerli erməni sakinlərinin Ermənistana keçidini asanlaşdırmağa davam edir. Qaçaqmalçılığa gəlincə, BQXK-nın humanitar mandatına və reputasiyasına xələl gətirən bu həyasız hərəkət təşkilat tərəfindən açıq şəkildə etiraf edilib.
Ermənistanın barışmazlığı fonunda Azərbaycan öz digər bölgələrindən Qarabağ bölgəsinə humanitar yüklərin daşınması üçün Ağdam üzərindən Xankəndinə gedən şimal yolu kimi alternativ və daha qısa yollardan istifadə etmək üçün BQXK ilə əməkdaşlığı intensivləşdirib.
Müraciətdə vurğulanır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident Əliyevlə Baş nazir Paşinyan arasında Brüsseldə keçirilən görüşün yekunlarına dair ictimai çıxışında Qarabağ sakinlərinin əsas ehtiyaclarının adekvat şəkildə ödənilməsini təmin edən komponent qismində Ağdam-Xankəndi marşrutundan mühüm marşrut kimi istifadəni təşviq edib.
O da qeyd olunur ki, bir sıra intensiv məsləhətləşmələrdən və “məkik diplomatiyası” səylərindən sonra, nəhayət humanitar yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, eləcə də Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə olunub.
Birinci halda, yerli sakinlərin ehtiyaclarını ödəmək məqsədilə BQXK tərəfindən humanitar yüklərin çatdırılmasına imkan vermək üçün Ermənistan tərəfinin Ağdam-Xankəndi yolundan istifadəsinə qoyduğu beton bloklar və bütün digər fiziki maneələr götürülməli idi. Bunun ardınca 24 saat ərzində BQXK tərəfindən Laçın yolundan istifadənin intensivləşdirilməsi aparılmalı idi. İştirak edən bütün tərəflər, o cümlədən Rusiya sülhməramlı kontingenti və BQXK bu razılaşmanı praktiki olaraq həyata keçirməyə hazır idi.
İkinci halda, Azərbaycanın Yevlax şəhərində Azərbaycanın xüsusi nümayəndəsi və yerli erməni sakinlərinin nümayəndələri ilə görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu.
Təəssüf ki, revanşist əhval-ruhiyyə ilə idarə olunan və normallaşma prosesi çərçivəsində öhdəliklərdən yayınan Ermənistan 5 avqust 2023-cü il tarixində qanunsuz olaraq qurulmuş kukla rejimi vasitəsilə son anda hər iki razılaşmadan geri çəkilib, siyasi motivli və qanunsuz ilkin şərtlər, həmçinin müxtəlif bəhanələr irəli sürüb.
Müraciətdə bildirilir ki, Ermənistan həllin bir hissəsi olmaq əvəzinə, gərginliyi süni şəkildə alovlandırmağa üstünlük verərək, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinə, etnik ədavəti təbliğ etməyə, faktları saxtalaşdırmağa, çaşdırıcı məlumatlar yaymağa, “blokada” və “humanitar böhran”ların mövcudluğuna eyham vurmağa davam edir. Bu məqsədlə Ermənistan beynəlxalq ictimaiyyəti manipulyasiya etmək üçün ardıcıl səylər göstərir və paralel olaraq yerlərdə təxribat xarakterli siyasi və hərbi fəaliyyətlə məşğul olur.
Eyni zamanda, Ermənistanın təkrarlanan qeyri-konstruktiv davranış modeli Azərbaycanın Qarabağ bölgəsindəki etnik erməni sakinlərinin Azərbaycanın bərabərhüquqlu vətəndaşları kimi reinteqrasiyası cəhdlərinə də mane olur. Azərbaycan hökuməti öz sərhədləri daxilində yaşayan etnik ermənilərin rifahı üçün təminat verməyə, onların Azərbaycan Konstitusiyasında və Azərbaycanın qoşulduğu beynəlxalq mexanizmlərdə təsbit olunmuş bütün müvafiq hüquq və azadlıqlarını qorumağa hazırdır. Bu məqsədlə Azərbaycan bu prosesin tərkib hissəsi kimi bir neçə dəfə özünün Qarabağ bölgəsində yaşayan yerli ermənilərlə görüşlər keçirməyə hazır olduğunu bildirmişdir.
Müraciətdə nəzərə çatdırılır ki, Ermənistanın ardıcıl təxribatlarının iki ölkə arasında münasibətlərin normallaşması üçün tarixi imkan yarandığı bir vaxtda baş verdiyini vurğulamaq xüsusilə vacibdir. Son aylarda Azərbaycan beynəlxalq tərəfdaşların fəal iştirakı ilə normallaşma prosesinin əhəmiyyətli dərəcədə intensivləşməsinə töhfə verib. Diplomatik dialoqlar fikir ayrılıqlarının azaldılmasında və dayanıqlı sülh və dövlətlərarası münasibətlərin qurulmasına yönəlmiş gələcək ikitərəfli sazişin bir neçə maddəsində nəzərəçarpacaq irəliləyiş əldə edilməsində mühüm rol oynamışdır.
Ona görə də bu kritik mərhələdə beynəlxalq ictimaiyyət Ermənistanın manipulyasiya və dezinformasiya cəhdlərini rədd etməklə bağlı yüksək məsuliyyət daşıyır. Beynəlxalq ictimaiyyət Ermənistanı daha da ruhlandırmaq əvəzinə, onu Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan hərəkətlərinə son verməyə, onun daxili işlərinə qarışmaqdan çəkinməyə və münaqişədən sonrakı normallaşma danışıqlarında vicdanla iştirak etməyə məcbur etməlidir.
Son dərəcə vacibdir ki, Ermənistan regionda onsuz da kövrək olan sülh şəraitini yenidən pozmaq üçün beynəlxalq platformalardan və institutlardan istifadə etməkdən çəkinsin.
Müraciətin sonunda azərbaycanlı parlamentarilər tərəfindən xarici həmkarlarının qərəzsiz və ədalətli mövqe nümayiş etdirəcəklərinə, Ermənistanın təbliğatını rədd edəcəklərinə, obyektivliyə, həqiqətə, beynəlxalq hüquqa söykənən davranış sərgiləyəcəklərinə ümid ifadə olunur.
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb