Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Dövlət başçısı konfransda giriş nitqi söyləyib.
“Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək.
Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm. 2004-cü ilin fevral ayında birinci proqram qəbul olundu və bu gün müzakirə etdiyimiz proqram sayca üçüncüdür.
Beləliklə, görülmüş işlər haqqında danışanda əlbəttə ki, biz son 15 il ərzində yerinə yetirilmiş işlərə nəzər salmalıyıq. Bu işlər həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhərlərdə özünü göstərir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Yəni, bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Bu, bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır.
Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxardı. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyuldu və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Azərbaycanda mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir.
Bir faktı da diqqətinizə çatdırmaq istəyirəm. İlk dəfə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 2006-cı ildə qeyd olundu və o vaxt Azərbaycan 98-ci yerdə qərarlaşdı. Aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, bu, deməyə əsas verir ki, bundan sonra da həm daxili, həm xarici investorlar Azərbaycana böyük həcmdə sərmayə qoyacaqlar. Beləliklə, bu sərmayə imkan verəcək ki, bundan sonra da iş yerləri, yeni müəssisələr yaradılsın və ölkəmiz inamla inkişaf etsin.
Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılmışdır. Əhalinin sayı isə 1,6 milyon artmışdır. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun. Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim kimi, 2 milyon iş yeri yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd təsərrüfatı 1,7 dəfə artıb və əminəm ki, bundan sonra artım daha sürətli olacaq.
Bir sözlə, bizim bütün iqtisadi göstəricilərimiz deməyə əsas verir ki, Azərbaycan son 15 il ərzində çox uğurla, inamla inkişaf edib. Artan iqtisadi imkanlarımız bizə şərait yaratdı ki, sosial məsələlərə də çox böyük diqqət yetirək. Bir neçə rəqəmi səsləndirmək istərdim. Son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılmışdır. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik.
Məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzində olmuşdur, bu gün də belədir. Son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib, köçkünlərə təqdim edilib. Şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim edilmişdir və bu proses davam etdirilir. Bu kateqoriyadan olan vətəndaşlar evlərlə təmin olunacaqlar. Yəni, Azərbaycan sosial sahəyə çox böyük diqqət göstərən ölkədir. Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir.
Son 15 il ərzində dünyada müxtəlif proseslər gedib, dünya çox dəyişib. On beş il əvvəl vəziyyət tam fərqli idi, bu gün isə risklər, təhdidlər, münaqişə, müharibə ocaqları artır və bu meyil əfsuslar olsun ki, güclənir. Bizim bölgəmizdə, Yaxın Şərqdə, MDB məkanında, yaşadığımız regionda çox təhlükəli proseslər gedirdi və bu gün də gedir. Bu proseslər böyük fəlakətlərə gətirib çıxarıb. Milyonlarla insan müharibələrdən əziyyət çəkir. Milyonlarla insan həlak olub, yaralanıb, itkin düşüb, qaçqın-köçkün vəziyyətinə düşüb. Bəzi ölkələrin əksər hissələri tamamilə dağıdılıb. Bu, böyük humanitar fəlakətdir. Biz demək olar ki, hər gün kütləvi informasiya vasitələrində bunu izləyirik və bu meyil əfsuslar olsun ki, davam edir. Bütün bu mənfi mənzərə fonunda bizim hökumət öz inamlı dinamik inkişaf strategiyasını icra edərək ölkəmizi irəliyə aparır.
Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur.
Azərbaycanda aparılan iqtisadi, siyasi islahatlar, ölkəmizin güclənməsi bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaratdı. Bir daha demək istəyirəm, bizim xarici siyasətimizin əsas məqsədi ondan ibarətdir ki, xaricdən gələn mümkün risklərin idarə olunmasına, azaldılmasına, aradan qaldırılmasına imkan versin. Biz buna nail oluruq. Son 15 il ərzində Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər.
Qeyd etdiyim kimi, biz 15 il ərzində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı böyük addımlar atdıq. Sahibkarlığın inkişafına böyük dəstək verdik. Təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb. Sevindirici hal ondan ibarətdir ki, dövlət büdcəsindən bu məbləğin cəmi bir milyard manatı ayrılmışdır. Qalan bir milyard manatdan çox vəsait verilmiş və qaytarılmış kreditlər hesabına yenidən kredit şəklində verilib. Beləliklə, biz kifayət qədər böyük maliyyə resursu yaratmışıq. Bu, bizə imkan verir ki, dövlət büdcəsinin yükünü azaldaq və gələcəkdə güzəştli şərtlərlə sahibkarlara maliyyə dəstəyi göstərək.
Sənayeləşmə prosesi uğurla gedir. Son vaxtlar sənaye parklarının fəaliyyətə başlaması geniş vüsət almışdır. İndi bu proses bir neçə şəhərdə gedir və sənaye parklarında bizim 67 rezidentimiz var. Onlardan 40-ı artıq fəaliyyətdədir.
Aqroparkların yaradılması çox müsbət hal kimi qiymətləndirilə bilər. Proqramda 51 aqroparkın yaradılması nəzərdə tutulub. Onlardan 17-si fəaliyyətdədir. Qalan aqroparkların işə düşməsi nəticəsində həm bölgələrdə yeni iş yerləri yaradılacaq, həm də kənd təsərrüfatı məhsullarımızın istehsalı və ixracı daha da artacaq.
Biz bu illər ərzində kosmik dövlətə çevrildik. Bu da bizim qürur mənbəyimizdir. Artıq üç peykimiz var. Azərbaycan nadir ölkələrdəndir ki, kosmik kluba daxil olubdur. Bu, həm innovasiyadır, həm biznesdir, həm də müasirlikdir. İnnovasiyalara gəldikdə, bu gün dünyada Azərbaycan məhsulu kimi tanınan “ASAN xidmət” brendi vardır. Bunu biz yaratmışıq, bizim daxili intellektual məhsulumuzdur və iradəmizin ifadəsidir. “ASAN xidmət” bu gün bir neçə ölkədə fəaliyyət göstərir və bu sistemi tətbiq edən ölkələrin sayı artmaqdadır. Ölkəmizdə on beş “ASAN xidmət” mərkəzi yaradılıb. Bu ilin sonuna qədər onların sayı 20-yə çatacaq. Bu mərkəzlərə 26 milyondan çox müraciət olunub. Əhali tərəfindən bəyənmə əmsalı təxminən 100 faizdir. “ASAN xidmət”də iki yüzdən çox xidmət göstərilir, tam şəffaf və heç bir pozuntusuz. Bu sahə, bildiyiniz kimi, həmişə böyük narahatlıq doğururdu. Vətəndaşlar haqlı olaraq şikayət edirdilər. İndi isə şikayətlər yoxdur, “ASAN xidmət”in yaradılması və uğurlu fəaliyyəti bizim siyasətimizi əks etdirir. Azərbaycanda hər şey şəffaf olmalıdır, hər şey qanun çərçivəsində olmalıdır. Bu, bir daha onu göstərir ki, vətəndaşlara xidmət bizim siyasətimizin əsas məsələlərindən biridir.
Əlbəttə ki, bizim iqtisadiyyatımızın əsas sahəsi neft-qaz sektorudur. Bu, bu gün belədir, əvvəl də belə olub və bundan sonra da belə olacaq. Biz sadəcə olaraq, çalışırıq ki, qeyri-neft sektorunu sürətlə inkişaf etdirək, buna nail oluruq. Ancaq hansı ictimai-siyasi formasiyada yaşamasına baxmayaraq, Azərbaycanda ilk neft tapılan dövrdən bu günə qədər bu, əsas iqtisadi potensial olub. Biz bu təbii resurslardan çox səmərəli şəkildə istifadə edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi çox böyük tarixi hadisədir. Əgər bu layihələr icra edilməsə idi, biz bu qədər vəsait əldə edə bilməzdik. Çünki bizim ixrac imkanlarımız məhduddur, açıq dənizlərə çıxışımız yoxdur və bizə mütləq neft-qaz kəmərləri lazımdır. Bu kəmərlərin tikintisi həm maliyyə, həm siyasi, həm beynəlxalq əməkdaşlıq baxımından çox mürəkkəb və çətin bir layihələr idi. Biz bunu da bacardıq. Bu gün bu iki kəmər vasitəsilə resurslarımız dünya bazarlarına göndərilir. Hazırda Avropada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sürətlə gedir. Dörd layihədən ibarət olan bu meqalayihə artıq son mərhələdədir. Dörd layihədən üçü istifadəyə verilib. Keçən il TANAP və Cənub Qaz Dəhlizinin açılışı olmuşdur və bunlar tarixi hadisədir.
Biz neftdən, qazdan əldə edilmiş gəlirləri nəqliyyat sektoruna yönəltdik ki, Azərbaycan nəinki bu bölgədə, Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilsin. Bu gün biz artıq buna nail oluruq. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi tarixi layihədir. Bu, həddindən artıq vacib layihədir. Çünki bu, artıq bizə imkan verir ki, Azərbaycan ərazisindən böyük həcmdə yüklər Şərqdən-Qərbə, Qərbdən-Şərqə göndərilsin. Bunun sayəsində həm bizim geosiyasi əhəmiyyətimiz artacaq, həm də biz bundan daim valyuta qazanacağıq. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması da böyük önəm daşıyır. Bu istiqamətdə də böyük işlər görülür. Əlbəttə ki, bu işlərin görülməsi genişmiqyaslı beynəlxalq əməkdaşlıq tələb edir. Azərbaycan bu sahədə də təşəbbüskar kimi öz müsbət rolunu oynayıb. Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və onların sayı daha da artacaq. Amma hər iki layihədə iştirak edən ölkə tək Azərbaycandır. Ona görə biz Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilirik. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, bizim yol infrastrukturlarımız, müasir və müasirləşən infrastruktur, bütün bunlar son illər ərzində yaradılıb. Əgər biz infrastruktur layihələrinə diqqət yetirməsəydik, bu gün heç bir inkişafdan söhbət gedə bilməzdi.
On beş il bundan əvvəl biz özümüzü elektrik enerjisi ilə təmin edə bilmirdik. Ya xaricdən idxal edirdik, ya da ki ölkəmizin bəzi yerləri işıqsız qalırdı. Ötən 15 il ərzində 31 yeni stansiya tikilmişdir, 2500 meqavatlıq yeni güclər yaradılmışdır. Biz indi nəinki özümüzü təmin edirik, elektrik enerjisini ixrac edirik. Təbii qaz ilə təminat 15 il bundan əvvəl təxminən 50 faiz səviyyəsində idi, bu gün bu, 95 faizdir. İçməli su 26 faiz təmin edilirdi, bu gün bu, 70 faizdir. On beş il ərzində 15 min kilometr avtomobil yolu tikilib.
Yəni, görülmüş işlər haqqında danışmaq üçün saatlarla vaxt lazımdır. Sadəcə olaraq, əsas məqamları mən sizin diqqətinizə çatdırdım. Əminəm ki, bu gün çıxışlarda və müzakirələrdə həm görülmüş işlər, həm də görüləcək işlər haqqında danışacağıq və gələcək inkişaf planlarımızı təmin edəcəyik”.
Dövlət başçısı konfransda yekun nitq söyləyib:
“Biz bu gün, eyni zamanda, görüləcək işlərlə bağlı fikirlərimizi bildirəcəyik. Proqramların uğurlu icrası deməyə əsas verir ki, onların qəbulu tam məntiqə uyğundur. Bizim iqtisadi göstəricilərimiz, bölgələrdə gedən quruculuq-abadlıq işləri bunun əyani sübutudur. Ancaq hələ də həll olunmamış məsələlər var. Hələ də elə məsələlər var ki, onların həlli üçün imkanlar olmayıb, yaxud da onların növbəsi gəlməyib. Biz isə görülmüş işlərlə kifayətlənməməliyik, daim qabağa baxmalıyıq. Baxmalıyıq ki, harada nə çatışmır, harada hansı məsələ öz həllini tapmalıdır.
Prinsip etibarilə, infrastrukturla bağlı bütün əsas məsələlər öz həllini tapıb. Ancaq bu proses davam etdiriləcək. Elektrik enerjisi ilə bağlı, qeyd etdiyim kimi, biz indi özümüzü tam təmin edirik, böyük həcmdə ixrac edirik. Ancaq yeni elektrik stansiyalarının tikilməsinə ehtiyac var. Çünki bizim sənaye potensialımızın, əhalimizin artımı, kənd təsərrüfatının inkişafı, böyük sənaye klasterlərinin yaradılması tələb edir ki, elektrik enerjisinin istehsalı artsın. Bu il biz Bakıda böyük elektrik stansiyasının açılışını planlaşdırırıq. 400 meqavat gücündə olan “Şimal 2” stansiyasının açılışı gözlənilir. Eyni zamanda, Bakı şəhərində yeni, 300, 350, bəlkə də 400 meqavat gücündə stansiyanın tikintisi ilə bağlı işlər aparılmışdır. İndi dəqiqləşmələr gedir və stansiyanın tikintisi bizim enerji potensialımızı daha da möhkəmləndirəcək. Bununla paralel olaraq, mövcud stansiyalarda bərpa və təmir işləri aparılaraq onların potensialını böyük dərəcədə artıra bilərik. İlkin hesablamalar göstərir ki, biz təqribən 500 meqavat əlavə güc əldə edə bilərik.
Beləliklə, əgər bu üç məsələ öz həllini taparsa, - mən əminəm ki, bu, belə də olacaq, - biz əlavə 1500 meqavat elektrik enerjisi istehsal edəcəyik və həm artan daxili tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac edib ölkəmizə valyuta gətirəcəyik. Bununla paralel olaraq, bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində işlər getməlidir. İlk növbədə, su elektrik stansiyalarının, günəş və külək stansiyalarının tikintisi. İndi bu sahəyə xarici investorlardan maraq var. Daha doğrusu, Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim görüşlər bir daha onu göstərir ki, böyük şirkətlər bu sahəyə investisiya qoymağa hazırdırlar, bu barədə düşünürlər. Hesab edirəm ki, bu, çox müsbət bir haldır. Çünki bu gün bu sahədə yeni texnologiyalar yaradılır və bu texnologiyalar səmərəliliyi böyük dərəcədə artırır. Hesab edirəm ki, yerli şirkətlər də bu işlərə mütləq fikir verməlidirlər.
Ölkədə qazlaşdırmanın səviyyəsi 95 faizdir. Ancaq, əlbəttə, bu, o demək deyil ki, bu, bizi qane edir. Elə kəndlər var ki, oraya hələ də qaz çəkilməyib. Ona görə bu proses davam etdiriləcək. Baxmayaraq ki, dünya miqyasında bu qədər qazlaşdırma aparan ölkələr o qədər də çox deyil. Yəni, biz son illər ərzində qazlaşdırma ilə bağlı əsas problemləri həll etdik. Əsas məsələ indi bu prosesi davam etdirmək və qazın keyfiyyətini artırmaqdır. Bəzi hallarda fasilələr baş verir, bəzi hallarda qaz lazımi həcmdə gəlmir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır ki, burada heç bir çatışmazlıq olmasın.
İçməli su layihələri davam etdirilir. Giriş sözümdə qeyd etdiyim kimi, təminat 70 faizə çatıb. Hazırda 38 şəhərdə içməli su layihələrinin icrası başa çatıb, bu il 5 şəhərdə başa çatacaqdır və 12 şəhərdə işlər artıq başlanıb, gedir və bir neçə şəhərdə hələ ki, başlanmayıb. Bu məsələlər daim gündəlikdədir və qəbul ediləcək dördüncü proqramda da öz əksini tapacaq.
Meliorativ tədbirlərin görülməsi prosesi davam etdiriləcək. Son iki il ərzində biz hər il 100 min hektar torpağa suyun verilməsini təmin etmişik. Bunların böyük hissəsi o torpaqlardır ki, heç vaxt suvarılmayıb, bir hissəsində suvarma olub, amma lazımi səviyyədə olmayıb. İlkin hesablamalara görə, bu il 80 min hektarda bu işlər aparılacaq. Bu, bizə imkan verəcək ki, məhsuldarlığı və suvarılan torpaqların həcmini artıraq. Bu, çox böyük rəqəmdir və fermerlər, əminəm ki, bunu hiss edirlər.
Son illərdə dörd böyük su anbarı tikilmişdir - Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay. Onların tutumu 470 milyon kubmetrdir. Bir neçə anbarda tikinti və bərpa işləri aparılmışdır. Kiçik su anbarlarının tikintisi də gündəlikdə duran məsələlərdən biridir. Hər il dövlət vəsaiti ilə minimum 300 subartezian quyusu qazılır, bunun da çox böyük səmərəsi var.
Giriş sözümdə qeyd etdiyim kimi, 15 ildə 15 min kilometr avtomobil yolu çəkilmişdir və bu proses davam etdirilir. Builki Dövlət İnvestisiya Proqramına əsasən yüzlərlə kəndin yolları abadlaşdırılacaq, o cümlədən magistral yolların tikintisi təmin ediləcək. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir.
Sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək. Baxmayaraq ki, 3272 məktəb tikilib və təmir edilib. Bu məktəblər mövcud məktəb fondunun 73 faizi deməkdir. Ancaq təmirə ehtiyacı olan məktəblər var və bu işlər də növbəti dövlət proqramında nəzərdə tutulacaq. Həmçinin xəstəxanaların, Olimpiya komplekslərinin tikintisi davam etdiriləcək. Təkcə bu il üç Olimpiya Kompleksinin açılışı gözlənilir. Bu da bölgələrdə idmanın inkişafına xidmət göstərir.
Bildiyiniz kimi, hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir. Bu da bizim təşəbbüsümüzdür, çox müsbət təşəbbüsdür. Hazırda bizdə vətəndaşların tibbi müayinədən keçmələri üçün hər bir yerdə müasir avadanlıq quraşdırılmış xəstəxanalar var. Bu da çox ciddi sosial layihədir və Azərbaycan bu sahədə də gözəl nümunə göstərir.
Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Keçən il 5800 köçkün üçün evlər tikilibdir, o cümlədən 1000 ailə üçün özəl sektor evlər tikib. Mən bu təşəbbüsü alqışlayıram. Bu il bu proses davam etdiriləcək. İlkin hesablamalara görə, ən azı 5000 ailə üçün evlər tikiləcək, o cümlədən yenə də özəl sektorun çox ciddi payı ilə.
Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin problemləri də həll olunur. Keçən il 626 şəhid və Qarabağ müharibəsi əlilinin ailəsinə evlər verildi. Bu il isə 800 ailəyə ev veriləcək. Növbəti illərdə bu proses davam etdiriləcək ki, bütün şəhid ailələri, Qarabağ müharibəsi əlilləri evlərlə təmin olunsunlar. Bu günə qədər bu qəbildən olan 6650 ailə ev alıb.
Keçən il 118 min yeni iş yeri yaradılmışdır. Bu, yaxşı rəqəmdir. İş yerlərinin yaradılması daimi proses olmalıdır və bu sahədə əlbəttə ki, özəl sektor əsas rol oynamalıdır. Dövlətin dəstəyi ilə verilən hər bir kreditin tərkibində mütləq məruzə olunanda nə qədər iş yeri yaradılacaq məsələsi də vardır. Məşğulluğun artırılması çox ciddi məsələdir. Bəzi ölkələrdə əhali artmır, bəzi ölkələrdə əhali azalır, Azərbaycanda isə əhali artır. Mən qeyd etdim ki, son 15 il ərzində əhalimizin sayı 1,6 milyon nəfər artmışdır. Bu, əlbəttə ki, bizdən çox ciddi iş tələb edir. Bir daha demək istəyirəm ki, iş yerlərinin yaradılması prioritet məsələlərdən biridir. O bölgələrdə ki, işsizlik var, biz o bölgələrdə işsizliklə mübarizə aparmaq üçün ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əməkhaqqı alır.
Əlbəttə ki, son illərdə bir çox müəssisələr yaradılır və orada iş yerləri açılır. Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər. Çünki bu gün dünyada ümumi meyil ondan ibarətdir ki, daha çox texnologiyalara üstünlük verilir, elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır, robotlar insanları əvəzləyir, bütün bunlar reallıqdır. Biz bu reallıqla hesablaşmalıyıq. Ancaq, eyni zamanda, biz Azərbaycanda mütləq iş yerlərini qorumalıyıq - həm dövlət qurumlarında, həm özəl sektorda. Dövlət qurumlarında aparılan struktur islahatları, - bütün dövlət qurumlarına artıq bildirilib, - iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır. Bu struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri açmalıdır. Yenə də deyirəm, bu istiqamətdə proses müsbət gedir. Keçən il 118 min daimi iş yeri yaradılıb və təbii ki, bu, özəl sektorda yaradılmış iş yerləridir.
Özünüməşğulluq proqramının icrası böyük ümidlər verir. Bu il 7 min ailə bu proqramla əhatə olunacaq. Hər il ən azı 7 min ailə, baxarıq, imkan olarsa, daha çox ailə bu proqramla əhatə olunacaq. Beləliklə, hələ ki, iş tapa bilməyənlər özünüməşğulluq hesabına ailə büdcəsini təmin edəcəklər.
Ailə Biznesinə Asan Dəstək - "ABAD" mərkəzləri yaradılır. Bu da çox müsbət haldır. Mən bu mərkəzlərin açılışında olmuşam və bu, "ASAN xidmət"in bir qoludur və çox müsbət təşəbbüsdür. Ailə biznesi bir istiqamət kimi Azərbaycanda, hesab edirəm ki, geniş vüsət ala bilər və almalıdır. Dövlət öz dəstəyini mütləq göstərir və göstərəcək. "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə bağlı mən giriş sözümdə öz fikirlərimi bildirdim. Bu il 5 mərkəzin açılması nəzərdə tutulur.
Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər. Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır.
Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının tərkibi, əsasən, yerlərdən gələn xahişlər nəticəsində formalaşıb. Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşır. Ona görə daim bu təmas olmalıdır və var ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər həll olunsun. Bizim buna imkanımız da, iradəmiz də var.
Sahibkarlıqla bağlı siyasətimiz davam etdiriləcək. Sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir - həm mənəvi dəstək, siyasi dəstək, maddi dəstək. Fermerlərə kreditlər, subsidiyalar verilir. Bu sahədə də təkmilləşmə gedəcək, texnika, gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Bu sahədə də Azərbaycan nadir ölkələrdəndir ki, öz sahibkarına, öz fermerinə bu qədər diqqət göstərir. Əlbəttə ki, biz sahibkarlardan daha böyük nəticələr gözləyirik. Gözləyirik ki, onlar bundan sonra da ölkə iqtisadiyyatına öz töhfələrini verəcəklər.
Kənd təsərrüfatı və sənaye istehsalı dördüncü proqramda xüsusi yer tutur. Əlbəttə, infrastruktur layihələri də diqqətdədir. Ancaq qeyd etdiyim kimi, onların böyük hissəsi başa çatıb, yaxud da ki, başa çatacaq. Ona görə iqtisadiyyatın real sektoru, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələlərdən biridir. Müxtəlif mexanizmlər işə salınıb, müxtəlif təşəbbüslər irəli sürülüb. Onlardan biri investisiya təşviqi mexanizmidir. Biz bu məsələni həll etməyə başlayandan sonra çox gözəl nəticələrlə üzləşdik. İnvestisiya təşviqi proqramı üzrə 107 layihə həyata keçirilib. Ümumiyyətlə, 332 layihənin icrası nəzərdə tutulub. Bu layihələrin həyata keçirilməsinə qoyulacaq sərmayə 2,8 milyard manatdır. Yəni, əgər investisiya təşviqi mexanizmini biz işə salmasaydıq, bu vəsait də qoyulmazdı. Bu layihələr çərçivəsində əlavə 12 min yeni iş yeri açılacaqdır.
Sənaye potensialının inkişafı üçün, əlbəttə, sənaye zonalarının, sənaye parklarının çox böyük rolu var. Azərbaycan indi müasir sənaye mərkəzinə çevrilibdir. Bu sahədə görüləcək işlər əminəm ki, ölkəmizin qeyri-neft sektorunun inkişafını təmin edəcək, qeyri-neft ixracının həcmini böyük dərəcədə artıracaq.
Əlbəttə ki, neft sənayesində də işlər daim diqqət mərkəzindədir. Giriş sözümdə qeyd etdim, burada böyük meqalayihələr icra edilir. Ancaq bununla paralel olaraq, daxili istehsal, yəni, SOCAR tərəfindən neft və qaz hasilatı sabit qalmalıdır. Keçən il Azərbaycanda 38,8 milyon ton neft və 30 milyard kubmetr qaz hasil edilib, böyük layihələr icra olunub. Əminəm ki, 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan “Cənub Qaz Dəhlizi” layihəsinin icrası bizə əlavə böyük gəlir gətirəcək.
Əlbəttə ki, sənaye sahəsində bizim diqqətimiz, eyni zamanda, qeyri-neft sektoruna yönəlib. Bu sahədə də yaxşı nəticələr var. Keçən il qeyri-neft sənayemiz 9,1 faiz artıb. Bu, onu göstərir ki, həmin sahədə işlər yüksək səviyyədə aparılır. Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiya Parkı, Mingəçevir Yüngül Sənaye Parkı, Gəncə şəhərində sənaye müəssisələrinin, Neftçala, Hacıqabul, Masallı, Sabirabad sənaye məhəllələrinin yaradılması bu sahədə atılan çox ciddi addımlardır. Gələcəkdə digər şəhərlərdə də sənaye zonaları yaradılacaqdır.
Biz son vaxtlar ənənəvi xalçaçılıq sənətinin inkişafı ilə bağlı çox ciddi iş aparırıq. Artıq 20 xalça fabriki fəaliyyətdədir. Hər fabrikdə orta hesabla 100, yaxud 150 iş yeri yaradılır, xüsusilə qadınlar üçün. Mən fabriklərin əksəriyyətinin açılışlarında iştirak etmişəm və görmüşəm ki, buna nə qədər böyük ehtiyac var. Bu, qadınları işlə təmin etmək, qədim milli sənətimizi yaşatmaq üçün çox düşünülmüş bir addımdır. Bütövlükdə isə bizdə 31 xalça fabrikinin tikilməsi nəzərdə tutulur və burada təqribən 5 minə yaxın iş yeri açılacaq. Bu il Sumqayıt şəhərində əyirici boyaq fabrikinin açılışı gözlənilir. Beləliklə, biz artıq xalça istehsalında xarici xammaldan asılılığı aradan götürəcəyik.
İplik və hazır tekstil fabriklərinin tikilməsinə də ehtiyac var. Bizdə iplik fabrikləri var. Verilən məlumata görə, tədarük edilən pambığın təxminən 50 faizi artıq Azərbaycanda emal olunur və bu, əlavə dəyər yaradır. Bu, çox yaxşı haldır. Ancaq sahibkarlar bilməlidirlər ki, potensial daha böyükdür. Azərbaycanda pambıq istehsalı artır. Ona görə hesab edirəm ki, sahibkarlar iplik fabriklərinin tikilməsinə çox ciddi baxmalıdırlar. Bu, çox gəlirli və ölkəmiz üçün çox faydalı bir işdir. Eyni zamanda, ipəkçiliyin inkişafı ilə bağlı çox ciddi addımlar atılır. Artıq Qax rayonunda Damazlıq Baramaçılıq Mərkəzi yaradılır. Bu da imkan verəcək ki, biz idxaldan asılılığı azaldaq və gözəl bir zəncir yaradaq, tingdən hazır ipək parçasına qədər. Yenə də dövlət əsas işi öz üzərinə götürüb. Ancaq sahibkarlar da mütləq bu sahəyə maraq göstərməlidirlər. Hesab edirəm ki, bu, onlar üçün faydalı ola bilər.
Ölkəmizdə yeni meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasına ehtiyac var, bunu xüsusilə qeyd etmək istəyirəm. Çünki meyvə və tərəvəz istehsalı artır. Biz bunu daha çox meyvə-tərəvəz kimi ixrac edirik. Ancaq xarici bazarlarda emal olunmuş məhsullara da böyük tələbat var.
Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalıyıq. Ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər. Əlbəttə ki, aqroparkların da çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşir. Əlbəttə ki, bu torpaqlarda əvvəllər ya iş getmirdi, ya da çox ləng gedirdi.
Kənd təsərrüfatı məhsulları ilə bağlı bəzi rəqəmləri gətirmək istərdim. Misal üçün, taxılçılıqda 2004-cü ildə 2 milyon ton məhsul yığılmışdı, keçən il 3 milyon 200 min ton. Yəni, artım yaxşıdır. Xüsusilə iri fermer təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq hektardan 50 sentnerə bərabərdir. Bəzi yerlərdə daha çoxdur. Çox gözəl göstəricidir. Bu, Avropanın inkişaf etmiş ölkələrinin səviyyəsində olan göstəricidir. Ancaq hektardan orta məhsuldarlıq təxminən 29-30 sentnerdir.
Bizdə buğdanın məhsuldarlığı ilə bağlı cədvəl qarşımdadır. Dörd rayon - Saatlı, Bərdə, Tərtər, Sabirabad hektardan 40 sentnerdən çox məhsul götürüb. 28 rayon 30 sentnerdən 40 sentnerə qədər. Qalan rayonlar isə 30 sentnerdən az tədarük ediblər. Bu cədvəllər İqtisadiyyat Nazirliyi və Prezident Administrasiyası tərəfindən hazırlanıb, var və indi sizə veriləcək. Sahibkarlar bu cədvəllərə baxsınlar və biz də buna fikir verməliyik ki, hansı rayonlarda məhsuldarlığı necə artıra bilərik.
Məlumat üçün bildirim ki, dünya üzrə hektardan orta məhsuldarlıq 34 sentnerdir, Azərbaycanda 30, Avropa İttifaqında 53 sentnerdir. Bizdə iri fermer təsərrüfatlarında 50 sentnerdir. Biz Avropa İttifaqının səviyyəsinə çatmışıq, ancaq iri fermer təsərrüfatlarında.
Heyvandarlıqla bağlı bəzi rəqəmləri gətirmək istərdim. 2004-cü ildə 196 min ton ət tədarük edilmişdir, keçən il 326 min ton. Bu sahədə də artım var. Cins mal-qaranın idxalı təmin edilir, süni mayalanma mərkəzi fəaliyyət göstərir. Hesab edirəm ki, bu sahədə irəliləyiş sürətli olacaq. Biz növbəti 5 il ərzində mal ətinin istehsalını 15 faiz artırmalıyıq.
Süd istehsalı 2004-cü ildə 1 milyon 200 min ton, 2018-ci ildə 2 milyon ton olub. Burada da artım çox böyükdür. Biz hələ də özümüzü süd və süd məhsulları ilə tam təmin edə bilmirik. Növbəti 5 ildə görüləcək işlər nəticəsində süd istehsalı təxminən 15-20 faiz artmalıdır.
Quş əti - 2004-cü ildə 44 min ton istehsal olunub, keçən il 109 min ton. Tərəvəz - 2004-cü ildə 1 milyon ton, keçən il 1 milyon 500 min ton istehsal olunub. Ən çox valyuta gətirən kənd təsərrüfatı məhsulları - pomidor 177 milyon dollar, xurma 114 milyon dollar, pambıq və un məmulatları 108 milyon dollar, fındıq 100 milyon dollara yaxın və alma 38 milyon dollar.
Meyvə istehsalı 2004-cü ildə 420 min ton, 2018-ci ildə bir milyon ton olub. Yəni, artım iki dəfədən çoxdur. Bütün bu məlumatları mən sahibkarlara və ictimaiyyətə ona görə verirəm ki, onlar bilsinlər nə qədər artım olub və bizim hələ artıma nə qədər ehtiyacımız var. Biz bazarlara çıxışı dövlət dəstəyi ilə təmin edirik.
Bildiyiniz kimi, son vaxtlar fındıqçılığa çox böyük diqqət yetirilir. Biz fındıq bağlarının sahəsini qısa müddətdə böyük dərəcədə artırmışıq. 2016-cı ildə bizim 40 min hektar fındıq bağlarımız olub, bu gün artıq 75 min hektara çatıb və bu il 9 min hektar da əkiləcək. Beləliklə, biz 84 min hektarda fındıq yetişdirəcəyik. Əlbəttə, yeni salınan bağlar bar gətirənə qədər bir neçə il keçəcək. Amma ondan sonra fındıq ixracının həcmi iki dəfədən çox artacaq və fermerlərə indikindən iki dəfə çox vəsait gələcək. Hazırda fındıqçılıqda 20 min nəfər işləyir.
Son vaxtlar badam və qoz bağlarının salınması geniş vüsət almışdır. Bu məhsullar da çox gəlirlidir və ixracyönümlüdür. Azərbaycanda badam və qoz emalı fabriklərinin tikintisi mütləq nəzərdə tutulmalıdır. Sahibkarlara məsləhət görürəm ki, bu işlə məşğul olsunlar. Eyni zamanda, xüsusilə Bakı, Abşeron və digər bölgələr üçün ənənəvi olan zeytunçuluğun inkişafı da sürətlə gedir. Yeni zeytun bağlarının salınması geniş vüsət almışdır.
Pambıqçılıqda çox ciddi dönüş yaradılıb. Müqayisə üçün bildirməliyəm ki, 2015-ci ildə cəmi 35 min ton pambıq tədarük edilmişdir, keçən il isə 233 min ton. Görün, biz nə qədər böyük irəliləyiş əldə etmişik. Pambıqçılığın bütün sahələrində 290 min insan işləyir. Məhsuldarlıq bizdə hələ ki, lazımi səviyyədə deyil. Hektardan orta məhsuldarlıq 17,4 sentnerdir. Bu, prinsipcə, bizi qane edə bilməz, biz məhsuldarlığı artırmalıyıq. Ancaq bu məhsuldarlıq orta məhsuldarlıqdır. Harada ki, işlərə ciddi yanaşırlar, məhsuldarlıq yüksəkdir. Məlumat üçün bildirməliyəm ki, “MKT” təşkilatının pambıq tarlalarında məhsuldarlıq hektardan 27 sentnerdir, “Azərpambıq”da 19, amma digər kiçik təsərrüfatlarda aşağıdır. Ona görə bu, orta məhsuldarlığı da aşağı salıb. Ona görə bu sahədə də təftiş aparılmalıdır. Pambıqçılıq üçün yararlı torpaqlar seçilməlidir və harada məhsuldarlıq aşağıdır, orada başqa məhsullar yetişdirilməlidir. Dövlət xətti ilə 470 pambıqyığan kombayn və pambıqçılıq üçün 12 minə yaxın texnika alınmışdır.
Tütünçülükdə də çox ciddi irəliləyiş var. Tütün 2015-ci ildə cəmi üç rayonda əkilirdi. Tütünçülük demək olar ki, artıq sıradan çıxırdı. Cəmi üç rayonda 3400 ton, keçən il artıq 13 rayonda 6200 ton tütün yığılıb. Bu sahəyə də dövlət dəstək göstərir. Qurutma kameraları, tədarüklə bağlı texnika - bütün bunları dövlət təmin edir. Cəmi 3 il ərzində tütünçülükdə 9500 nəfər işlə təmin olunub. Yenə də deyirəm, əgər dövlət öz dəstəyini göstərməsəydi, real yardım etməsəydi, bu sahələr bu qədər inkişaf edə bilməzdi. Mənim sədrliyimlə tütünçülüklə bağlı xüsusi müşavirə keçirildi. Bütün tapşırıqlar o müşavirədə verilmişdir və onlar icra edilir.
Baramaçılıq üzrə də müşavirə keçirilmişdir. Burada mənzərə, ümumiyyətlə, çox maraqlıdır. Sovet vaxtında baramaçılığın çox böyük ənənələri olub. Xüsusilə Heydər Əliyevin təşəbbüsü ilə bir çox rayonlarda barama istehsalı ən yüksək səviyyədə idi. Ancaq 2015-ci ildə biz gördük ki, cəmi bir rayonda barama tədarük edilir, özü də 230 kiloqram. Qısa müddət ərzində çox ciddi tədbirlər görüldü. Keçən il 38 rayonda artıq 513 ton barama tədarük edildi. Biz barama tədarükünü 230 kiloqramdan 513 tona çatdırdıq. Bu il 800 ton planlaşdırılır. Əlbəttə ki, Şəkidəki ipək kombinatının daha böyük həcmlə işləməsi, orada daha çox sayda iş yerlərinin yaradılması üçün bu, əsas şərtdir. Təkcə keçən il 2 milyon 600 min tut tingi əkilmişdir.
Digər sahələr üzrə də işlər gedir. Mən çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirə keçirmişəm. Bu sahədə də irəliləyiş var. Arıçılığın da həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var. Bizim balımız çox keyfiyyətlidir, xarici bazarlarda yüksək qiymətləndirilir. Biz indi həm ailə biznesi çərçivəsində arıçılığa dəstək oluruq, həm də ki, subsidiyalar verilir, bu yaxınlarda artırılıbdır. Arıçılığın böyük perspektivləri var, bu, çox gəlirli sahədir. Fermerlər, vətəndaşlar üçün çox gözəl nəticələr verə bilər.
Üzümçülük, şərabçılıq. 2004-cü ildə 55 min ton üzüm yığılmışdır, keçən il 167 min ton, yəni, 3 dəfə çox. Burada da dövlət dəstəyi, əlbəttə ki, ön plandadır. Üzümçülüyün, şərabçılığın Azərbaycanda çox böyük ənənələri var idi. Ancaq sovet dövründə, 1980-ci illərin sonlarında sovet rəhbərliyinin və Azərbaycandakı rəhbərlərin birgə çox bəd əməlləri nəticəsində üzüm bağlarımızın demək olar ki, qırılması prosesi başlamışdır. Əksər bağlar məhv edilib. Onların bərpası, əlbəttə ki, böyük vəsait və zəhmət tələb edir. Üzüm çoxillik bitkidir. Ona görə üç dəfə artım, əlbəttə ki, çox yaxşı nəticədir. Şərab istehsalı isə 15 il ərzində 5 dəfə artıb.
Əlbəttə ki, regionların sosial-iqtisadi inkişafı məsələlərinə baxanda biz mütləq ekoloji vəziyyətə nəzər salmalıyıq. Biz ekoloji vəziyyəti yaxşılaşdırmalıyıq, ekoloji tarazlığı pozan amillərdən özümüzü qorumalıyıq. Bu sahədə son illər ərzində işlər aparılıb. Hesab edirəm ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır. Xüsusilə Bakıda, Sumqayıtda, digər böyük şəhərlərdə ekoloji tarazlığı pozan müəssisələrə çox ciddi xəbərdarlıq edilməlidir ki, onlar təmizləyici cihazları quraşdıraraq havanın çirklənməsinin qarşısını alsınlar. Bu, çətin məsələ deyil. Ekologiya ilə bağlı digər məsələlər də öz həllini tapmalıdır.
Dəmir yolu layihələri ilə bağlı mən giriş sözümdə qeyd etdim. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri fəaliyyətdədir, bu işlərə yeni tərəfdaşlar qoşulur. Mənim bir neçə ölkənin dövlət başçısı ilə apardığım danışıqlar nəticəsində indi Orta Asiya respublikalarından əlavə yüklərin Ələt limanına gəlməsi və oradan dəmir yolu ilə dünya bazarlarına çatdırılması təmin edilib. Biz bir neçə ölkə ilə artıq çox səmərəli əməkdaşlıq edirik. Bu ölkələrin sayı artır və biz yeni mənbələrdən yükləri cəlb edib Azərbaycan ərazisindən göndəririk. Ölkə daxilində bir neçə dəmir yolu layihəsi gündəlikdədir. Biz Şimal-Cənub nəqliyyat dəhlizinin bərpası ilə məşğuluq. Düzdür, bu yol var, fəaliyyət göstərir, ancaq bunun sürəti aşağıdır. Ona görə Yalamadan Astaraya qədər yeni dəmir yolu xətləri çəkilməlidir. Artıq keçən ildən bu prosesə start verilib və beləliklə, Azərbaycan-Rusiya və Azərbaycan-İran sərhədlərini birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi yüksək sürətli dəhliz olacaq və yüklərin mənzil başına çatma müddəti də, əlbəttə ki, qısalacaq.
Şəhərlərarası dəmir yollarının tikintisi də aparılır. İndi Ləki-Qəbələ dəmir yolu tikilir. Qəbələ indi turizm mərkəzlərindən biridir və Bakı-Yalama dəmir yolunun tikintisi ilə paralel olaraq, həmin yolun da çəkilməsi təmin edilməlidir. Şahdağ dağ-xizək kurortuna da dəmir yolu çəkilməlidir. Beləliklə, Qusar rayonuna da dəmir yolu ilə getmək mümkün olacaq. Bu da proqramda nəzərdə tutulur.
Tikinti sektoru ilə bağlı biz indi dövlət xətti ilə böyük layihələri icra edirik. Mənzil İnşaatı Dövlət Agentliyi iki böyük layihəni Yasamal rayonunda və Hövsanda icra edir. Bu prosesə də dövlət tərəfindən start verildi. Sosial evlərin tikintisi çox böyük əhəmiyyət daşıyır, vətəndaşlar bundan istifadə edirlər, eyni zamanda, bu, tikinti sektoruna da çox ciddi təkan verir. Həm inşaat materialları sektoruna, həm də tikinti sektoruna bunun çox böyük dəstəyi ola bilər.
Bildiyiniz kimi, son illərdə Azərbaycana gələn turistlərin sayı getdikcə artır və bu, çox müsbət haldır. Keçən il gələn turistlərin sayı təqribən 6 faizə yaxın artmışdır. Keçən il ölkəmizə əvvəlki illərdən daha çox - 2 milyon 850 min turist gəlmişdir. Aparılan hesablamalara görə, bu turistlər ölkəmizdə 2 milyard dollara yaxın pul xərcləmişlər. Bu, belə demək olarsa, əlavə 2 milyard dollar ixrac deməkdir. Artıq bu rəqəm göstərir ki, turizmin nə qədər böyük əhəmiyyəti var. Bu pullar xidmət sektoruna gedir, vətəndaşlar, sahibkarlar bundan faydalanırlar. Yəni, bu pullar birbaşa o şirkətlərə gedir ki, onlar bölgələrdə turistlərə müxtəlif xidmətlər göstərirlər. Çünki turistlərin böyük hissəsi artıq Azərbaycanın bölgələrinə gedir. Bütün lazımi şərait yaradılır və turizm sənayesi Azərbaycanda çox geniş imkanlara malik olmalıdır. Bunun üçün bütün lazımi ilkin şərtlər var. Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimiz də çox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, otellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir. Misal üçün, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək.
Əlbəttə, bir çıxışda proqramda nəzərdə tutulan bütün istiqamətləri əhatə etmək mümkün deyil. Sadəcə olaraq, mən əsas istiqamətləri ictimaiyyətin diqqətinə çatdırdım.
Bütövlükdə isə deməliyəm ki, ilkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Hesablanıb ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir. Ancaq əlbəttə ki, bu, ilkin rəqəmdir. Mən tam əminəm ki, bu rəqəm daha böyük olacaq. Çünki əvvəlki üç proqramın icrası bunu göstərir. Çünki üç proqramın hər biri artıqlaması ilə icra edilmişdir. Əminəm ki, dördüncü proqram da artıqlaması ilə icra ediləcək. Nəzərə almalıyıq ki, indi bizdə investisiya iqlimi daha əlverişlidir. Mən giriş sözümdə qeyd etdim ki, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Beləliklə, xarici investisiyalar bu rəqəmdə öz əksini tapmır. Hələ xarici investisiyalar qoyulacaq. Ona görə bu, çox böyük müvəffəqiyyətdir və bu investisiyalar hesabına Azərbaycan bundan sonra da uğurla, inamla inkişaf edəcək. Mən tam əminəm ki, bundan sonra da ölkəmiz ancaq inkişaf, tərəqqi və qələbələr yolu ilə gedəcəkdir. Sağ olun”.
13.18
Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Dövlət başçısı konfransda giriş nitqi söyləyib.
Sonra Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodunun direktoru Emin Axundov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Elçin Bağırov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “Saloğlu” firmasının direktoru Tacəddin Mustafayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, “Muğan Aqroservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rəcəb Orucov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, “Hacıqabul Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nemət Babaşov çıxış ediblər.
İlham Əliyev 4 ilin yekunlarına həsr olunan konfransda - YENİLƏNİB + FOTO
11:02
Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilir.
Oxu.Az xəbər verir ki, prezident İlham Əliyev konfransda iştirak edir.